22 dekabr 2025 10:01
111

Prezident İlham Əliyevin beynəlxalq siyasəti: Azərbaycanın qlobal aktora çevrilməsinə analitik baxış

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin artması, beynəlxalq institutlara etimadın zəifləməsi və ədalətli yanaşmaların getdikcə arxa plana keçməsi fonunda dövlətlərin xarici siyasət strategiyaları yalnız çeviklik deyil, eyni zamanda prinsipiallıq tələb edir. Məhz bu mürəkkəb geosiyasi şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq siyasət Azərbaycanı regional aktordan etibarlı, təşəbbüskar və söz sahibi olan qlobal iştirakçıya çevirmişdir.

Prezident İlham Əliyevin xarici siyasət xəttinin əsas fərqləndirici cəhəti onun milli maraqlara söykənən, praqmatik və eyni zamanda dəyərlərə əsaslanan xarakteridir. Azərbaycan nə ideoloji bloklaşmanın, nə də birtərəfli asılılıqların tərəfdarı olmuş, əksinə, suverenlik, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan diplomatik model formalaşdırmışdır. Bu yanaşma ölkəyə mürəkkəb beynəlxalq proseslərdə manevr imkanlarını qorumağa və uzunmüddətli strateji məqsədlərini reallaşdırmağa şərait yaratmışdır.

Azərbaycanın Türk dünyasında liderlik rolu və Orta Asiya ilə strateji yaxınlaşma

Prezident İlham Əliyevin beynəlxalq siyasətində Türk dünyası xüsusi yer tutur. Azərbaycan Türk Dövlətləri Təşkilatının formalaşması və institusional inkişafında aparıcı rola malik olmuş, təşkilatı mədəni birlikdən siyasi, iqtisadi və təhlükəsizlik platformasına çevirmişdir. Şuşa Bəyannaməsi, Qarabağ Bəyannaməsi, eləcə də TDT çərçivəsində keçirilən rəsmi və qeyri-rəsmi Zirvə görüşləri Azərbaycanın təşəbbüskarlığını və inteqrasiyaedici rolunu açıq şəkildə nümayiş etdirmişdir.

Eləcə də, Orta Asiya ölkələri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla siyasi dialoq təkcə ikitərəfli deyil, çoxtərəfli formatlarda da dərinləşmiş, nəqliyyat-logistika dəhlizləri, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrində konkret layihələrlə möhkəmlənmişdir. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz Azərbaycanın Orta Asiya ilə Avropa arasında əsas körpüyə çevrilməsini təmin etmişdir. Azərbaycan bu proseslərdə yalnız tranzit ölkə deyil, strategiya formalaşdıran və regional sinerji yaradan mərkəz kimi çıxış edir. Bu, Prezident İlham Əliyevin Türk dünyasında balanslaşdırıcı və birləşdirici lider imicini möhkəmləndirmişdir.

Ədalətli qlobal yanaşmaların təşviqi və Qlobal Cənubun səsi

Prezident İlham Əliyevin beynəlxalq siyasətinin mühüm istiqamətlərindən biri də ədalət prinsipinin ardıcıl şəkildə qlobal səviyyədə gündəmə gətirilməsidir. Bunun nümunəsi olaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz inkişaf etməkdə olan dövlətlərin maraqlarının müdafiəsində fəal mövqe sərgiləmiş, beynəlxalq münasibətlərdə ikili standartlara qarşı prinsipial çıxış etmişdir. COVID-19 pandemiyası zamanı Azərbaycan Prezidentinin təşəbbüsü ilə qlobal miqyasda həmrəylik çağırışları edilmiş, peyvəndlərə bərabər çıxış məsələsi BMT səviyyəsində qaldırılmışdır. Bu yanaşma Azərbaycanın yalnız milli maraqlarını deyil, qlobal məsuliyyət anlayışını da prioritet hesab etdiyini göstərmişdir.

Eyni zamanda, Prezident İlham Əliyev keçmiş müstəmləkə ölkələrinin hüquqlarının müdafiəsi, iqtisadi bərabərsizliklərin aradan qaldırılması və inkişaf etməkdə olan dövlətlərin beynəlxalq qərar qəbuletmə mexanizmlərində daha ədalətli təmsil olunması məsələlərində açıq və prinsipial mövqe nümayiş etdirmişdir. Bu, Azərbaycanın Qlobal Cənubda etibarlı tərəfdaş və söz sahibi kimi qəbul edilməsinə səbəb olmuşdur.

Enerji və nəqliyyat diplomatiyası: müstəqilliyin strateji təminatı

Onu xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin xarici siyasətində enerji və nəqliyyat diplomatiyası əsas sütunlardan biri olaraq qalır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu möhkəmləndirmiş, ölkəyə siyasi və iqtisadi manevr imkanları qazandırmışdır. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın Avrasiya məkanında əsas logistika mərkəzinə çevrilməsini sürətləndirmişdir. Bu layihələr Azərbaycanın beynəlxalq münasibətlərdə yalnız resurs ixracatçısı deyil, strateji əlaqələndirici ölkə kimi rolunu gücləndirmişdir.

Beləliklə, Prezident İlham Əliyevin beynəlxalq siyasəti Azərbaycanın müasir tarixində keyfiyyətcə yeni mərhələ yaratmışdır. Bu siyasət ölkəmizi regional çərçivələrdən çıxararaq qlobal gündəmin formalaşmasında iştirak edən, ədalətli yanaşmaları təşviq edən və çoxtərəfli əməkdaşlığa real töhfə verən dövlətə çevirmişdir. Azərbaycanın Türk dünyasında liderliyi, Orta Asiya ilə strateji tərəfdaşlığı və qlobal miqyasda prinsipial mövqeyi Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və məsuliyyətli liderliyinin nəticəsidir.

Sevinc Fətəliyeva,
Milli Məclisin deputatı