Dövlət başçısı hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi partiyaların rolunu möhkəmləndirdi, vətəndaş cəmiyyəti institutlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına töhfə verdi. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bundan əlavə, dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsini və şəffaflığın artırılmasını hər zaman diqqətdə saxlayan dövlət başçısı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. Azərbaycan brendi olan “ASAN xidmət” və DOST Agentliyi vətəndaş-dövlət münasibətlərinin parlaq nümunəsinə çevrildi.
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünənəməxsus yerini daha da möhkəmləndirdi.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi, regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbul olunması da Prezident İlham Əliyevin xidmətləridir. Bu çərçivədə Azərbaycan iqtisadiyyatı əsaslı inkişaf yolu keçib, milli iqtisadiyyata milyardlarla dollar investisiya qoyulub. Azərbaycan iqtisadiyyatının son 20 ildəki inqilabi inkişafı dünya iqtisadi tarixində nadir hadisələrdəndir. Ümumi Daxili Məhsulun (ÜDM) dəfələrlə artması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi və nəhəng enerji layihələrinin (BTC, Cənub Qaz Dəhlizi) icrası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşına çevirmişdir. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, əsas hədəf “qara qızılı insan kapitalına çevirmək” idi ki, bu gün müasir təfəkkürlü, bilikli və vətənpərvər gəncliyimiz bu hədəfin ən real göstəricisidir. Prezident İlham Əliyevin elan etdiyi bu doktrina ölkənin uzunmüddətli inkişafının təminatı olmaqla “Xaricdə təhsil üzrə Dövlət Proqramları” vasitəsilə minlərlə gəncin dünyanın ən nüfuzlu universitetlərində oxuması, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və süni intellektin tətbiqinin prioritet sahələrə çevrilməsi və dövlət idarəçiliyində müasir metodlara bələd olan, bir neçə dil bilən və milli ruhda yetişmiş gənclərin aparıcı mövqelərə gəlməsi “insan kapitalı” hədəfinin real bəhrəsinə çevrilmişdir.
Müasir mərhələdə əsas hədəf neft-qaz sektorundan əldə olunan vəsaitləri qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatı, turizm və sənaye parklarına yönəltməkdir. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən “Smart” konsepsiyalar bu inkişafın ən müasir simasıdır. Nəticə etibarilə, Azərbaycan iqtisadiyyatı artıq sadəcə enerji resurslarına arxalanan bir sistem deyil, rəqabətədavamlı, innovativ və ən əsası, insan potensialına dəyər verən bir modelə çevrilmişdir.
Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də xalqın həyatında mühüm yer tutan sosial sahələrin inkişafı ilə bağlıdır. Bu məqsədlə son illərdə ölkəmizin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Minlərlə məktəb, yüzlərlə səhiyyə və mədəniyyət müəssisəsi tikilib. Bununla da Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil, səhiyyə və mədəniyyət infrastrukturu yaradılıb. Dövlət başçısı milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin edib. Onun prezidentliyi dövründə ölkədə yüzlərlə məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub.
İlham Əliyevin fəaliyyətinin ən möhtəşəm zirvəsi 30 illik işğala son qoyan 44 günlük Vətən Müharibəsidir. 2020-ci ildə əldə edilən tarixi zəfər, 2023-cü ildəki lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpası Azərbaycanın hərbi və diplomatik gücünü bütün dünyaya nümayiş etdirdi. Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımız dövlət başçısının “nəyi, necə və nə vaxt etmək lazım olduğunu” ən yaxşı bilən Lider olduğunun təsdiqidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə, sadəcə hərbi uğur deyil, onilliklər boyu səbirlə və dəqiqliklə hesablanmış “Dəmir Yumruq” strategiyasının məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında sərkərdə, həm də informasiya cəbhəsində qətiyyətli natiq kimi çıxış edərək xalq-dövlət-ordu birliyini polad bir gücə çevirdi.
Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu tarixi qələbə, həm də Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən cızdı. Bu gün biz təkcə hərbi qələbəmizlə deyil, həm də işğaldan azad edilmiş torpaqlarda apardığımız misilsiz quruculuq işləri ilə dünyanı heyrətləndiririk. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ucaldılan müasir şəhərlər, “Ağıllı kənd”lər və beynəlxalq hava limanları Azərbaycanın daxili iqtisadi gücünün və xalqımızın yaradıcılıq ruhunun təzahürüdür. Azərbaycan artıq regionda diktə edən tərəfdir. Cənab Prezidentin təklif etdiyi sülh gündəliyi və Zəngəzur dəhlizi kimi nəhəng nəqliyyat layihələri təkcə ölkəmiz üçün deyil, bütün Avrasiya regionu üçün iqtisadi dividend vəd edir. Ermənistanla sərhədlərin delimitasiyası prosesinin ikitərəfli formatda, kənar müdaxilə olmadan uğurla aparılması isə dövlət başçımızın diplomatik məharətinin növbəti qələbəsidir.
Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr, yeni tikilən, bərpa edilən mədəni-mənəvi incilərimiz, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar bölgənin həyatında canlanma yaradır. Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cənnətə çevrilir.
Qürurverici reallıqlardan biri də odur ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Onun daşıdığı missiyanın qlobal miqyası, ümumiyyətlə, hansısa vəzifəylə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır. Əminliklə deyə bilərik ki, 2003-cü ildən bəri Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı daha böyük zirvələri fəth edəcək. Biz qalib xalqın qalib dövlətində yaşayırıq və bu qüruru bizə bəxş edən müasir Azərbaycanın memarı cənab İlham Əliyevdir.
Anar Məmmədov,
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti: Müstəqil Azərbaycanın davamlı inkişaf modeli
Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri