“Konstitusiya və Suverenlik ilinin” sonuna yaxınlaşarkən, Prezident İlham Əliyev əsrin və müstəqillik dövrünün ən böyük amnistiya aktı ilə çıxış etdi. Bu, cəmiyyətdə milli birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən atılan humanist addımdır.
Bu gündən başlayaraq amnistiya qərarı əsasında məhkumların azad olunmasına başlanıb və 4 ay ərzində davam edəcək.
Bu təşəbbüs Dövlət Başçımızın humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş etdirir və cəmiyyətdə həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır. Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Bir qayda olaraq, amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır.
Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb.
Bu qərarın ölkəmizdə 20 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Müstəqillik dövründə ölkəmizdə 71 əfv qərarı və 13 amnistiya qərarı icra edilmişdir. Ümummilli Lider Heydər Əliyevin böyük humanizm və mərhəmət hisslərindən irəli gələn qərarları ilə onun prezidentliyi dövründə, ümumilikdə, 32 əfv fərmanı, 7 amnistiya aktı qəbul edilib.
Müxtəlif illərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü 4 amnistiya təşəbbüsü on minlərlə insanı əhatə etmişdir. 2021-ci ildə Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis dəstəkləyərək, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsini qərara almışdı. Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub.
Hazırki qərar Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur.
Prezidentin bu təşəbbüsü minlərlə ailəyə bayram hədiyyəsi olmaqla yanaşı xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə böyük töhfə verəcəkdir.
Pərvanə Vəliyeva, Milli Məclisin deputatı