Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib
Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilmir. Bu baxımdan həm klassik liderlik konsepsiyası, həm də müasir liderə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. Prezident İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini Onun vətənpərvər və qurucu Lider olmasında tapır. İyirmi iki il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə ilk dəfə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Yeni əsrin yeni Lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.
Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətinə nəzər salaq. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 2003-cü il oktyabrın 15-dən Azərbaycan Republikasının Prezidentidir. Ötən illər göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 22 ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib.
Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb. Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsində Qələbənin qazanılmasında da əsas amillərdən oldu.
Prezident İlham Əliyevin bütün səfərlərində, keçirdiyi görüşlərində, mötəbər tribunalardan etdiyi çıxışlarda Qarabağ münaqişəsi əsas mövzu oldu. Bununla yanaşı, dövlətimizin başçısı müvafiq qurumların, diplomatik missiyaların qarşısında bu məsələ ilə bağlı müvafiq tapşırıqlar qoydu və əməli addımlar atıldı. Beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı. Həmçinin Azərbaycan Prezidentinin səyləri nəticəsində münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı mövqeyimizi daha da gücləndirmiş oldu. İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur.
Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, İrəvan–Gorus–Laçın yolu nəzarətə götürüldü. 2020-ci il sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın “İrəli” əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.
“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı. Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, böyük Strateq, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Hadisələrin sonrakı gedişi bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev nəyi nə vaxt etmək lazım gəldiyini yaxşı bilir. 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Sentyabrın 19-da rəşadətli ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması hərb tariximizə növbəti möhtəşəm Qələbə kimi yazıldı. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.
Beş ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan Lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır. Azərbaycan dövlətinin gücü sayəsində azad olunmuş yerlərə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb.
Beləliklə, Prezident İlham Əliyev Ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, böyük Strateq, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı. Ölkə başçısı üçün doğum günü təkcə yaş üstünə yaş gəlməsi deyil, həm də dövlət və xalq qarşısında hesabat məqamıdır. Bu baxımdan yanaşsaq, əsrə bərabər son 22 il bənzəri olmayan uğur salnaməsi kimi qəbul edilə bilər.
Sevinc Azadi, “İki sahil”