23 dekabr 2025 01:58
84

2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” olacaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib

Xəbər verildiyi kimi, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır”. Həmçinin qeyd olunub ki, bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. Sərəncamda o da vurğulanıb ki, ökəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.

Qeyd edək ki, 2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Belə ki, həmin il bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunacaq. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Hər biri öz növbəsində şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır. WUF13-ün Bakıda keçirilməsi bu mühüm yubileylərin həm beynəlxalq səviyyədə qeyd olunması, həm də Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından əlamətdardır. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün isə WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır. Son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur və yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Yeni salınan parklar, bərpa olunmuş ictimai məkanlar və ekoloji baxımdan balanslaşdırılmış şəhər strukturu Bakını dayanıqlı və yaşamaq üçün daha əlverişli məkana çevirir. Bu təşəbbüslər həm də ölkənin WUF13 kimi nüfuzlu tədbirlərə əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Məlumdur ki, bu gün müasir memarlıq anlayışı “yaşıl” texnologiyalar, “ağıllı” infrastruktur və dayanıqlı şəhərsalma prinsipləri ilə sıx bağlıdır. Azərbaycan memarları zəngin ənənələri yaşatmaqla yanaşı aparıcı beynəlxalq trendləri mənimsəyərək, layihələri ilə sənətə ekoloji və texnoloji baxımdan yeni nəfəs gətirir, estetik gözəllik və funksionallığı birləşdirərək insan-mərkəzli müasir şəhərsalma yanaşmalarına üstünlük verirlər. Xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri – texnoloji yeniliklərin tətbiqi, milli memarlıq ənənələrinin müasirliklə sintezi və şəhər infrastrukturunun ilk növbədə insanın həyat keyfiyyəti tələbləri nəzərə alınmaqla planlaşdırılması memarlığın strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Bu gün ölkənin istedadlı memarları Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin, ayrı-ayrı bina və komplekslərin layihələndirilməsi, tarixi irsin müasirliklə uzlaşdırılması, eləcə də ekoloji və innovativ həllərin tətbiqində fəal iştirak edirlər.

Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji zonası” elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır ki, bu bizim qarşıda duran ən böyük çətinliklərdən biridir. Erməni işğalçıları tərəfindən basdırılan minaların çoxluğu və minalanmış ərazilərin dəqiq xəritəsinin olmaması bərpa işlərini daha da çətinləşdirir. Lakin bütün bu çətinliklərə baxmayaraq işğaldan azad edilmiş ərazilərdə şəhər planlaşdırılması ən müasir, ekoloji cəhətdən təmiz, sağlam, texnoloji baxımdan ən inkişaf etmiş üsullarla həyata keçirilir, “yaşıl enerji”, “sıfır tullantı”, “ağıllı şəhər”, “ağıllı kənd” kimi ən yeni konsepsiyalar tətbiq edilir. Keçmiş məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə olan Zəngilan rayonunun Ağalı kəndi bu gün dünyanın ən müasir kəndlərindəndir. Bütün şəhərlərin baş planları şəhərlərin tarixi-memarlıq irsinin və çoxəsrlik tarixinin qorunub saxlanılması nəzərə alınmaqla tərtib edilir. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.

Sevinc Azadi, “İki sahil”