23 dekabr 2025 12:15
207

“Şəhərsalma və Memarlıq İli” milli irsin qorunması ilə müasir urbanizasiya modelinin vəhdətini nümayiş etdirir

Müasir Azərbaycanın inkişaf strategiyası yalnız siyasi, iqtisadi və sosial sahələrlə məhdudlaşmır, eyni zamanda milli-mədəni irsin qorunmasını və onun gələcək nəsillərə ötürülməsini də əhatə edir. Dövlət siyasətinin bu mühüm istiqamətlərindən biri şəhərsalma və memarlıq sahəsinin davamlı inkişafının təmin edilməsidir. Məhz bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan növbəti addım xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə müasir çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etmişdir.
Bu gün dünya tarixi Zəfərimizin və suverenliyimizin tam bərpası nəticəsində yaranmış yeni reallıqlar fonunda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı layihələr vasitəsilə Azərbaycanın təkmil şəhərsalma təcrübəsinin şahidinə çevrilir. Otuz illik işğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlər Baş planlar əsasında yenidən bərpa olunur. “Ağıllı şəhər” və “Ağıllı kənd” strategiyaları üzrə qurulan yaşayış məntəqələri müasir dövrün ən qabaqcıl texnoloji yeniliklərini özündə ehtiva edir. 

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları bu yanaşmanın mahiyyətini və strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirmişdir. Dövlət başçısı İlham Əliyevin bu ilin 15 oktyabr tarixində Xankəndi şəhərində keçirilmiş Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətində də vurğulandığı kimi, şəhərsalma Azərbaycanın milli inkişaf strategiyasında prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş müasir yanaşmalar iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və iqlim dəyişikliklərinə uyğunlaşmaya mühüm töhfə verir. Postmünaqişə mərhələsində Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri azad edilmiş ərazilərin müasir standartlara uyğun şəkildə bərpası və yenidən qurulmasıdır. Bu proses təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda milli şəhərsalma modelinin formalaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
K.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin yeniliyə və təkmilləşməyə açıq yanaşması atılan hər addımda öz təsdiqini tapır. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşmışdır. Həyata keçirilən islahatlar ölkənin siyasi və iqtisadi qüdrətinin yüksəlməsini təmin etməklə yanaşı, paytaxtın, eləcə də şəhər və kəndlərimizin simasının köklü şəkildə dəyişməsinə mühüm töhfə vermişdir. Bakının dünyanın “ən yaşamalı şəhərləri” reytinqlərində yer alması Azərbaycanda həyata keçirilən sosial və iqtisadi inkişaf siyasətinin məntiqi nəticəsidir.  Ölkəmizin memarlıq irsi xalqımızın tarixi yaddaşını, estetik dünyagörüşünü və dövlətçilik ənənələrini özündə yaşadan ən mühüm mədəni sütunlardan biridir. Məhz bu dəyərlərin qorunması və təbliği müasir dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamda da vurğulandığı kimi, bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscidlər, məbədlər və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. 
K.Bayramov xüsusi olaraq qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və urbanizasiya sahəsində mövcud qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşdırılmasında etibarlı tərəfdaş kimi tanınır. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi barədə qəbul edilən qərar Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisidir. Bu mötəbər tədbir ölkəmizin qlobal urbanizasiya gündəliyində rolunu daha da gücləndirməklə yanaşı, regionun dayanıqlı inkişafına və ümumilikdə beynəlxalq şəhərsalma məqsədlərinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir.

Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilmiş Azərbaycan Milli Şəhərsalma forumları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına aparan yolda mühüm mərhələ kimi qiymətləndirilir. Dövlət başçısı İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı imzaladığı Sərəncamda da vurğulandığı kimi, UN-Habitat ilə birgə təşəbbüslər və bu çərçivədə memarları, urbanistləri və mütəxəssisləri bir araya gətirən milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma və urbanizasiya proseslərində artan rolunu bir daha təsdiqləyir.
K.Bayramov əlavə edib ki, Müasir dövrdə şəhərsalma və memarlıq sahəsində əldə olunan nailiyyətlərin qlobal auditoriyaya təqdim edilməsi ölkələrin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək tədbirlər Azərbaycanın beynəlxalq təqdimatına yeni və məzmunlu töhfələr verəcək. Bu təşəbbüslər ölkəmizin zəngin tarixi irsi müasir inkişaf modeli ilə uğurla uzlaşdıran, innovativ və dayanıqlı dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.