23 dekabr 2025 14:12
112

Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurlar yazan LİDER

Müasir beynəlxalq münasibətlər sisteminin reallıqları göstərir ki, hər bir dövlətin inkişaf səviyyəsi, təhlükəsizliyi və beynəlxalq aləmdə tutduğu mövqe bilavasitə ona rəhbərlik edən siyasi liderin dünyagörüşü, strateji baxışı və idarəçilik bacarığı ilə şərtlənir. Qlobal çağırışların artdığı, geosiyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə milli maraqları qorumaq, dövlət müstəqilliyini möhkəmləndirmək və dayanıqlı inkişafı təmin etmək yalnız güclü və uzaqgörən siyasi liderlərin öhdəsindən gələ biləcəyi məsuliyyətli missiyadır. Bu baxımdan Azərbaycanın müasir tarixi, xüsusilə 1993-cü ildən sonrakı dövr güclü liderliyin dövlətin taleyində oynadığı həlledici rolu bariz şəkildə nümayiş etdirir.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dərin siyasi, iqtisadi və hərbi böhrandan xilas etdi. Həmin dövrdə ölkəmizdə dövlətçiliyin əsasları sarsılmış, xaos və anarxiya hökm sürürdü. Ulu Öndərin qətiyyəti, siyasi iradəsi və misilsiz idarəçilik bacarığı sayəsində ölkədə sabitlik təmin olundu, müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı alındı. Heydər Əliyev müasir Azərbaycan dövlətinin möhkəm təməllərini formalaşdırdı, milli maraqlara söykənən inkişaf strategiyasını müəyyənləşdirdi və Azərbaycanı etibarlı gələcəyə aparan yolun əsasını qoydu. Məhz bu tarixi xidmətlərinə görə o, xalqımızın Ümummilli Lideri kimi tarixə düşdü.

Ulu Öndər Heydər Əliyevin müdirkliyi, şəxsiyyətinin böyüklüyü və siyasi uzaqgörənliyi həm də onda idi ki, siyasi kursunun varisliyini, güclü dövlətçilik təliminin ardıcıllığını da layiqincə təmin etdi. 2003-cü ilin prezident seçkilərindən bir qədər əvvəl Ulu Öndər xalqımıza müraciətində həmvətənlərimizi cənab İlham Əliyevii dəstəkləməyə çağıraraq demişdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

2003-cü ilin prezident seçkilərində xalqımızın yüksək etimadını qazanaraq öz missiyasına başlayan Preziden İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirməyə başladı. Təsadüfi deyil ki, cənab İlham Əliyevin seçkilər öncəsi xalqa verdiyi vədlər vaxtından da tez yerinə yetirildi, sosial-iqtisadi inkişafla bağlı  o dövrdə qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildi.

Cənab İlham Əliyev 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü ildə keçirilən prezident seçkilərində də xalqımızın etimadına layiq görüldü. Təbii ki, hər bir seçkidəki qələbənin kökündə mühüm siyasi və iqtisadi amillər dayandı. Bu baxımdan ötən 22 ilin reallıqları göstərir ki, möhtərəm İlham Əliyevin hər bir prezidentlik dövrü Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurların yazılması ilə əlamətdar olub. Bu illər ərzində Azərbaycanın iqtisadi 3 dəfədən çox böyüyüb, vətəndaşların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirərək, onun qarşısında dayanan hədəflərə çatmasını təmin edib. Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata vəsiqə alıb. Cənab İlham Əliyev həm də «Cənub Qaz Dəhlizi»nin yaradılmasına nail olmaqla Heydər Əliyevin enerji siyasətini yeni mərhələyə yüksəldib, regionun enerji xəritəsinə ciddi dəyişikliklər edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyə malik dövlət kimi tanınır.

Bununla yanaşı, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas coğrafi məkandır. Bu gün respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirak səviyyəsi bir daha Prezident İlham Əliyevin müdrik siyasətindən, respublikamızın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir.

Bütövlükdə, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq bütün dünya Azərbaycan regionun aparıcı dövləti kimi tanınır. Respublikamız həm də beynəlxalq münasibətlər sisteminin söz sahibi olan üzvüdür. Bunu Azərbaycanın beynəlxalq problemlərin həllində yaxından iştirakı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələrməsi də təsdiq edir. Dünyada tolerantlıq ünvanı kimi tanınan ölkəmiz cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib.

Bütövlükdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür. Bu inkişaf və əldə edilən uğurlar ilk növbədə dövlətin və xalqın milli maraq və mənafelərinin təmin olunmasına xidmət edib.

Onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi də gətirib.  Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Bütün bunlar da təbii ki, Prezident İlham Əliyevin yüksək siyasi keyfiyyətlərindən irəli gəlir.

Prezident İlham Əlyivin respublikamıza müdrik rəhbərliyinin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Dövlətimizin başçısı artıq həllini tapmış Qarabağ problemi ilə bağlı aparılmış danışıqlarda hər zaman prinsipial mövqe tutdu, bütün təzyiqlərə sinə gərdi, heç bir güzəşt təşəbbüsünü yaxına buraxmadı. Buna görə xalqımız inanırdı ki, cənab İlham Əliyev mütləq torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək.   Xalqımızın bu inamı Vətən müharibəsində reallığa çevrildi.

Həm 44 günlük Vətən müharibəsinin, həm də bir günlük antiterror əməliyyatlarının qələbə ilə başa çatması Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsidir. Bütün bunlar göstərir ki, məhz güclü siyasi liderlər öz xalqlarının və dövlətlərinin qarşısında dayanan istənilən taleyüklü məsələnin həllinə nail ola bilirlər.

Eyni zamanda qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatlar yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmayıb, cəmiyyət həyatının bütün istiqamətlərini əhatə edib. Dövlət idarəçiliyində çevik və müasir mexanizmlərin tətbiqi, institusional islahatların dərinləşdirilməsi, şəffaflıq və hesabatlılığın gücləndirilməsi Azərbaycanı müasir idarəetmə modelinə malik güclü dövlətə çevirib. Bu yanaşma vətəndaş–dövlət münasibətlərində etimadın möhkəmlənməsinə, ictimai sabitliyin və siyasi konsensusun qorunmasına xidmət edib.

Prezident İlham Əliyevin sosial siyasəti də daim insan amilini ön plana çəkən, sosial ədalət prinsiplərinə söykənən xətt üzrə formalaşıb. Əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı ailələrin, şəhid ailələri və müharibə veteranlarının dövlət qayğısı ilə əhatə olunması, sosial müdafiə mexanizmlərinin davamlı şəkildə təkmilləşdirilməsi bu siyasətin əsas prioritetlərindəndir. Xüsusilə Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin mənzil, tibbi xidmət və sosial təminatla təmin olunması dövlətin vətəndaş qarşısında məsuliyyətinin real göstəricisidir.

Bununla yanaşı, Prezident İlham Əliyevin diqqət mərkəzində olan əsas istiqamətlərdən biri də gənclər siyasətidir. Gənclərin bilikli, vətənpərvər və müasir dünyagörüşlü kadrlar kimi formalaşması üçün geniş imkanlar yaradılıb. Təhsil sahəsində aparılan islahatlar, yeni məktəb və ali təhsil müəssisələrinin tikintisi, gənclərin beynəlxalq təcrübəyə çıxışının təmin edilməsi Azərbaycanın gələcək inkişafının etibarlı təminatı kimi çıxış edir.

Prezident İlham Əliyevin xarici siyasət kursu isə milli maraqlara əsaslanan, müstəqil və balanslaşdırılmış siyasət nümunəsidir. Azərbaycan heç bir güc mərkəzindən asılı olmayan, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə söykənən siyasət həyata keçirir. Məhz bu prinsipial mövqe ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş və söz sahibi kimi qəbul olunmasını təmin edib.

Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Prezident İlham Əliyevin strateji baxışının tərkib hissəsidir. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhər və kəndlərin salınması, infrastrukturun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışı dövlətimizin gücünü və humanist mahiyyətini nümayiş etdirir.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın milli maraqlarının tam və qətiyyətlə təmin olunmasına, dövlət suverenliyinin möhkəmlənməsinə, xalqımızın rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət güclü dövlət, güclü lider və güclü xalq birliyinə əsaslanan uğurlu inkişaf modelidir və Azərbaycanı daha böyük hədəflərə doğru inamla aparır.

Səbinə  Salmanova,

Milli Məclisin deputatı