Bakı Ali Neft Məktəbində (BANM) “Nobel Energy” şirkətlər qrupunun Baş əməliyyat direktoru Ramal Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq BANM-in fəaliyyəti, tədris prosesi, beynəlxalq standartlara əsaslanan təhsil modeli və sənaye ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.
Rektor BANM ilə “Nobel Energy” şirkətlər qrupu arasında mövcud olan uğurlu əməkdaşlığı yüksək qiymətləndirərək bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə tələbələrin istehsalat təcrübələrinin təşkili, layihələrə cəlb olunması və məzunların məşğulluq imkanlarının artırılması baxımından bu cür tərəfdaşlıqların əhəmiyyətini qeyd edib.
“Nobel Energy” şirkətlər qrupunun Baş əməliyyat direktoru Ramal Quliyev BANM-lə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ali təhsil müəssisəsinin yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını bildirib. O, şirkət tərəfindən tələbələr üçün təcrübə proqramlarının genişləndirilməsi, birgə layihələrin icrası və gələcəkdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Görüş zamanı tərəflər arasında kadr hazırlığı, istehsalat təcrübələrinin təşkili, birgə təlim və seminarların keçirilməsi, eləcə də sənaye–universitet əməkdaşlığının möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.