Texnologiyanın sürətli inkişaf etdiyi müasir dövrdə rəqəmsal alətlər artıq gündəlik həyatımızın ayrılmaz hissəsi olmaqla yeni bir reallıq yaradıb. Müasir dövrdə telefon sadəcə rabitə vasitəsi deyil. O, gündəlik həyatımızın ritmini müəyyən edən, davranışlarımızı formalaşdıran və zaman anlayışına təsir göstərən əsas alətlərdən birinə çevrilib. Bir vaxtlar ehtiyac olduqda istifadə etdiyimiz bu cihazlar bu gün demək olar ki, həyatımızın ayrılmaz hissəsidir. Telefonların həyatımıza daxil olmasının əsas səbəbi rahatlıq idi. Bir toxunuşla məlumat əldə etmək, uzaqdakı insanlarla əlaqə saxlamaq, işimizi asanlaşdırmaq... Lakin bu rahatlıq zamanla fərqinə varmadan asılılığa çevrildi. Artıq telefon sadəcə alət deyil, diqqətimizi, vaxtımızı və hətta düşüncə tərzimizi formalaşdıran bir gücə malikdir. İnsanlar səhər yuxudan duran kimi pəncərəyə yox, ekrana baxır. Gün ərzində neçə dəfə telefona baxdığımızı hesablasaq, bəlkə də özümüz də təəccüblənərik. Maraqlısı budur ki, çox vaxt nə üçün baxdığımızı belə bilmirik.
Texnologiyanın sürətli inkişafı insanlara saysız-hesabsız imkanlar açıb. Məlumat daha əlçatan hala gəlib, ünsiyyət məsafələri qısalıb, gündəlik işlərin icrası isə daha sürətli və rahat olub. Lakin bu rahatlıqla yanaşı, görünməyən bir asılılıq da formalaşıb. İnsanlar bəzən konkret səbəb olmadan telefona baxır, ekranda nə axtardığını bilmədən vaxt sərf edir. Bu, artıq vərdiş deyil, şüuraltı bir ehtiyaca çevrilib. Telefon susanda belə ona baxmaq istəyi bu cihazın insanın diqqətini nə qədər idarə etdiyini açıq şəkildə göstərir. Xüsusilə sosial şəbəkələr telefonun həyatımıza təsirini daha da artırıb. Sosial media ünsiyyəti asanlaşdırmaqla yanaşı, insanları davamlı müqayisə vəziyyətinə salır. Başqalarının yalnız seçilmiş anlarını izləyən fərd zamanla öz həyatını yetərsiz görməyə başlayır. Gülümsəyən simalar, ideal görüntülər və süni mükəmməllik illüziyası isə reallıq kimi təqdim edilir. Nəticədə insan təkcə vaxtını deyil, daxili rahatlığını da itirir. Telefon bu mərhələdə sadəcə alət olmaqdan çıxaraq psixoloji təsir mexanizminə çevrilir. Bu reallıq təkcə fərdi həyatla məhdudlaşmır, cəmiyyətin ümumi davranış modelinə də təsir göstərir. İctimai nəqliyyatda, parkda, hətta ailə süfrəsi arxasında belə insanlar fiziki baxımdan yanaşı, mənəvi cəhətdən isə fərqli dünyalarda olurlar. Eyni məkanda olan şəxslər bir-biri ilə deyil, ekranla ünsiyyət qurur. Bu vəziyyət getdikcə adi hal alır və qəribədir ki, artıq bu mənzərə bizi narahat etmir. Halbuki insan münasibətlərinin zəifləməsi və ünsiyyətin səthiləşməsi məhz bu səssiz dəyişimin nəticəsidir. Telefonlar insanlara sürətli informasiya axını təqdim edir, lakin bu axın çox vaxt düşünməyə imkan vermir. Xəbərlər oxunur, paylaşımlar izlənir, videolar ard-arda gəlir, lakin dərin analiz üçün vaxt ayrılmır. İnsan gördüyünü qəbul edir və oxuduğunu yoxlamadan paylaşır. Nəticədə düşünən cəmiyyətin yerini reaksiya verən cəmiyyət tutur. Telefon burada sadəcə məlumat ötürən vasitə yox, düşüncə sürətini diktə edən amilə çevrilir. Xüsusilə gənc nəsil bu təsirin mərkəzindədir.
Telefon bir tərəfdən bilik mənbəyi, digər tərəfdən diqqət oğrusudur. Dərs oxuyarkən gələn bir bildiriş planlaşdırılan işi asanlıqla yarımçıq qoya bilir. Nəticədə zaman çox keçir, amma məhsuldarlıq azalır. İnsan günün sonunda yorğun olur, lakin nə etdiyini tam xatırlamır. Telefonlardan “tam xilas olmaq” mümkün və lazım da deyil. Məsələ ondan düzgün istifadə etməyi yenidən öyrənməkdir. İlk addım fərqindəlikdir. İnsan gün ərzində telefona nə qədər və nə üçün baxdığını özünə dürüst şəkildə etiraf etməlidir. Çox vaxt telefon ehtiyac üçün deyil, boşluqdan, darıxmaqdan və ya vərdişdən istifadə olunur. Bu anları fərq etmək isə asılılığın ən zəif nöqtəsini ortaya qoyur.
Telefonu əlinə almadan əvvəl özünə “Mən indi nə axtarıram?" sualını vermək sadə görünür, amma təsirlidir. Əgər cavab yoxdursa, telefon da lazım deyil. Daha sonra vaxt anlayışını geri qazanmaq lazımdır. Telefonun insanı idarə etməsinin əsas səbəbi vaxtın fərqinə varmadan axıb getməsidir. Bunun qarşısını almaq üçün texnologiyadan yox, iradədən istifadə etmək lazımdır. Telefonu yatmazdan əvvəl kənara qoymaq, yemək zamanı masaya çıxarmamaq, dərs və və ya iş vaxtı isə başqa otaqda saxlamaq insanın diqqətini özünə qaytarır. Telefon göz önündə olduqca, ağıl da onun ətrafında fırlanır. Sosial media ilə münasibət xüsusilə yenidən qurulmalıdır. Hər gördüyünü izləmək və hər oxuduğunu qəbul etmək məcburiyyət deyil. İnsan izlədiyi hesabların öz ruh halına necə təsir etdiyini diqqətlə müşahidə etməlidir. Yorğunluq, narahatlıq və ya dəyərsizlik hissi yaradan məzmunu azaltmaq, faydalı və düşündürücü paylaşımlara üstünlük vermək isə psixoloji tarazlığı qorumağa kömək edir. Unutmaq olmaz ki, sosial mediada gördüklərimiz həyatın özü deyil, yalnız seçilmiş hissəsidir.
Telefonun doldurduğu boşluqları isə insan özü doldurmalıdır. Oxumaq, yazmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək və real söhbətlər qurmaq təkcə vaxt keçirmək deyil, həm də daxili tarazlığı bərpa etməkdir. Telefon hər boş anı tutduqda insan öz düşüncələri ilə tək qalmaqdan qaçır. Halbuki insanın bəzən ekransız qalmağa ehtiyacı var ki, öz daxili səsini eşidə bilsin. Ən önəmlisi isə telefonun məqsədini yenidən müəyyənləşdirməkdir: o, həyatın mərkəzi deyil, onu asanlaşdıran vasitə olmalıdır. Günün planını telefonun diktəsi ilə deyil, öz prioritetlərimizə uyğun qurduqda balans yaranır. Telefonu idarə edən insan texnologiyadan faydalanır, texnologiyanın idarə etdiyi insan isə onu itirir. Xilas yolu birdən-birə deyil, addım-addım mümkündür. Kiçik dəyişikliklər böyük təsir yaradır: telefonu bir saat gec yoxlamaq, söhbəti yarımçıq qoymamaq, günü daha az ekranla keçirmək insanın özünə olan nəzarətini geri qaytarır. Necə deyərlər, telefonlarımız susanda həyat susmur. Əksinə, bəzən həyat məhz o zaman danışmağa başlayır.
Səbinə Qorxmaz, "İki sahil"