24 dekabr 2025 10:40
111

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəlişin yeni nümunələrini yaradır

Respublikamız öz dövlətçilik tarixinin və yüksəlişinin ən qürurverici günlərini yaşayır. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası hər bir azərbaycanlının fəxarət mənbəyidir. Olduqca qürurvericidir ki, bu gün Azərbaycan deyiləndə inkişaf sürətlə inkişaf edən, regionda və dünyada söz sahibi olan, torpaqlarını müharibə yolu ilə işğaldan azad edən dövlət yada düşür.

Lakin dövlət və xalq olaraq bizi bu uğurlara aparan yollar hamar olmamışdır. Müstəqilliyimizin ilk illərində baş verən hadisələr hər birimizin xatirindədir.  O illərdə bir-birini əvəz edən iqtidarlar ölkəmizin gələcək taleyini sual altında qoymuşdular. Yenicə qazandığımız müstəqilliyimiz, dövlətçiliyimiz məhv olmağın astanasında idi. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli istək və arzusu ilə siyasi hakimiyyətə gəlişi həmin vaxt Azərbaycanı bütün böhranlardan, potensial təhlükələrdən xilas etdi. Heydər Əliyev müstəqilliyimizi qorudu, müasir Azərbaycan dövlətinin etibarlı təməllərini yaratdı, respublikamızı inkişaf yoluna çıxardı.

Heydər Əliyev həm də müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirməyə qadir siyasi varisini yetişdirdi. 2003-cü ilin oktyabr ayında xalqa müraciətində Ulu Öndər demişdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq prezident seçilən cənab İlham Əliyev hər zaman dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə müdafiə edib, Azərbaycanı uğurdan uğura aparıb. Dövlətimizin başçısı verdiyi vədləri layiqincə yerinə yetirib, Azərbaycanın sürətli və dinamik iqtisadi inkişaf yoluna çıxarıb, regionda və dünyada nüfuzunu möhkəmləndirib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının uğur qazanması, neft və qazdan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönləndirilməsi, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, ordumuzun döyüş imkanlarının ən müasir standartlar səviyyəsində gücləndirilməsi Prezident İlham Əliyevin müdrik fəaliyyətinin nəticələridir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycanın təbii qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin inşası, respublikamızın kosmik kluba daxil olması Prezident İlham Əliyevin qətiyyətli və milli maraqları layiqincə təmin edən siyasətinin göstəriciləridir. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinə, kosmosa 3 peykin göndərilməsinə, Azərbaycanın regionun tranzit mərkəzinə çevrilməsinə qədər bütün möhtəşəm uğurlarımız məhz Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir. İnkişafa paralel olaraq vətəndaşların sosial rifahı yüksəlib, yoxsulluğun səviyyəsi minimal səviyyəyə düşüb. Respublikamız iqtisadi və sosial inkişaf indekslərinə görə qabaqcıllar sırasına yüksəlib. 

Bütün bunlar həm də qeyd etdiyi kimi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldib, dövlətimizə böyük ehtiram gətirib. Bu gün Azərbaycanın qlobal siyasi güclərlə strateji tərəfdaş olması ilk növbədə respublikamızın yüksək nüfuzu və beynəlxalq proseslərdəki fəal iştirakı ilə əlaqəlidir. Olduqca qürurvericidir ki, Azərbaycan Avropanın təbii qazla təmin edilməsində söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas ünvan kimi dövlətlərarası iqtisadi əlaqələrin inkişafına böyük töhfələr verir.  

Bütün bunlar Prezident İlham Əliyevə beynəlxalq səviyyədə yüksək ehtiram qazandırıb. Bunu dövlətimizin başçısının beynəlxalq səfərlərindən, iştirak etdiyi tədbirlərdən də görmək mümkündür.

Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük və tarixi xidməti torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Dövlətimizin başçısı hər zaman torpaqlarımızın işğaldan azad olunması məsələsində prinsipial mövqe ortaya qoydu, danışıqlar prosesində Azərbaycanın maraqlarına zidd olan heç bir təklifi yaxına buraxmadı. Bununla yanaşı, daim qətiyyətlə bəyan etdi ki, Ermənistanla aparılan danışıqlar nəticə verməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə işğaldan azad edəcək. Bu məqsədlə ən müasir standartlar səviyyəsində hərbi islahatlar həyata keçirildi, ordumuzun döyüş imkanları ən son hərbi-texnoloji yeniliklər əsasında gücləndirildi. 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilk gündən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və ordumuzun qüdrətinin təntənəsinə çevrildi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız cəmi 44 günə azad edildi, işğalçı Ermənistan döyüş meydanında darmadağın edildi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bu savaşda qazandığı böyük Zəfər tariximizi şərəfləndirdi, hər birimizi qürurlandırdı.

Prezident İlham Əliyevin qətiyyətli siyasətinin daha bir təntənəsi 2023-cü ilin sentyabrında Qarabağdakı erməni separatizminin məhv edilməsi oldu. Bununla da Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, Qarabağ iqtisadi rayonunda dövlətimizin konstitusion quruluşu bərqərar olundu.

Bu zəfərlər regionda və dünyada söz sahibi olan Azərbaycanın mövqelərini daha da gücləndirdi, xalqımızı başıuca etdi. İndi dünyanın harasına getsək, qalib xalqın nümayəndəsi kimi qəbul edilirik və zəfərimizlə haqlı olaraq öyünürük. 

Ərazi bütövlüyümüzün bərpası regionda yeni reallıqlar yaradıb. Görünən odur ki, zəfərin memarı olan Prezident İlham Əliyevin yürütdüyü siyasət həm də regionda sülh üçün əlverişli şərait formalaşdırıb. Bu baxımdan avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti qələbəsi oldu. Sülh sazişinin paraflanmasına olan beynəlxalq reaksiyalar göstərdi ki, bütün dünya Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edir.

Azərbaycan öz inkişafının tarixinin yeni mərhələsinə qədəm qoyub. Bundan irəli gələrək dövlətimizin qarşısında yeni çağırışlar formalaşıb. Reallıqlar göstərir ki, yeni inkişaf mərhələsində də bütün vəzifələr uğurla yerinə yetirilir və respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlar əsasında yüksəlişin yeni nümunələrini yaradır. 

 

Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı