24 dekabr 2025 11:18
121

Asiya Parlament Assambleyasının Büdcə və planlaşdırma üzrə daimi komitəsinin iclası keçirilib

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 22-25-də Qətər Dövlətinə səfər edib. Səfər çərçivəsində o, dekabrın 23-də paytaxt Dohada keçirilən APA-nın Büdcə və planlaşdırma üzrə daimi komitəsinin açılış mərasimində iştirak edib.

“İki sahil” xəbər verir ki, tədbirdə Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, APA-nın Baş katibi Mohammad Reza Majidi, Asiya Parlament Assambleyasının prezidenti adından Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev, eləcə də APA-nın vitse-prezidenti, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov çıxış ediblər. Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim APA-ya uğurlu sədrliyinə və təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Milli Məclisinə xüsusi təşəkkürünü ifadə edib.

Rusiya Dövlət Duması sədrinin müavini Boris Çernışov cari ilin fevralında Bakıda Milli Məclisin sədrliyi ilə keçirilmiş APA-nın 15-ci plenar iclasında qəbul olunmuş, təşkilatın büdcəsi və üzvlük haqları ilə bağlı məsələlərin həllini ehtiva edən Qətnamənin əhəmiyyətini vurğulayıb.

APA prezidentinin nümayəndəsi, Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında müasir qlobal çağırışlar fonunda parlament diplomatiyasının artan rolundan, eləcə də Milli Məclisin sədrliyi dövründə APA çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən bəhs edib. Deputat Azərbaycanın əlverişli coğrafi mövqeyini, onun müasir nəqliyyat infrastrukturunun Avropa ilə Asiya arasında əlaqələrdə roluna diqqət çəkib. Bu kontekstdə avqustun 8-də Vaşinqton razılaşmalarından sonra Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolu, Orta Dəhlizin imkanları və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsinə dair strateji baxışı və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərətçi Görüşünə tamhüquqlu üzv kimi qoşulmasının əhəmiyyəti vurğulanıb.

Sonra APA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri Bakıda qəbul olunmuş “APA Büdcəsinin Planlaşdırılması haqqında” Qətnamənin icrası və gündəlikdə duran digər məsələlərlə bağlı çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin Qətər parlamentinin sədri Həsən bin Abdulla Əl-Ğanim iştirakçı dövlətlərin rəhbərlərini qəbul edib.

Qeyd edək ki, Asiya Parlament Assambleyasında 44 üzv dövlət var. Milli Məclis 2024-2025-ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevralında parlament sədrlərinin iştirakı ilə Bakıda APA-nın 15-ci plenar sessiyası keçirilib. Quruma sədrlik 2026-cı ildən Bəhreyn Krallığına keçəcək.