24 dekabr 2025 16:05
157

Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan

Dövlətimizin inkişaf trayektoriyası milli maraqlara söykənən yanaşma üzərində qurulmuşdur. Bu inkişaf xəttinin əsas hərəkətverici qüvvəsi isə Lider faktorudur. Güclü siyasi iradə, dəyişən qlobal reallıqları düzgün dəyərləndirmək və onlara adekvat reaksiya vermək bacarığı, eləcə də strateji qərarvermə qabiliyyəti dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edən başlıca amillər kimi çıxış etmişdir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. 2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji xətt yeni tarixi mərhələdə uğurla davam etdirilmişdir. Bu amillər dövrün çağırışlarına uyğun olaraq zənginləşdirilmiş, çevik və müasir idarəçilik elementləri ilə təkmilləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində mütərəqqi islahatlar dərinləşdirilmiş, qərarların icrası üzərində nəzarət mexanizmləri gücləndirilmiş, sosial ədalət və iqtisadi səmərəlilik dövlət siyasətinin əsas meyarları kimi ön plana çəkilmişdir. Bu faktorlar idarəetmədə effektivliyin və nəticəyönümlülüyün artmasına şərait yaratmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin səmərəli həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. Son 22 il ərzində qazanılan uğurların ümumiləşdirilmiş ifadəsi Prezident İlham Əliyevin adını qalib dövlətin, qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır.

2006-cı il iyulun 13-də XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin açılışı ölkəmizin enerji təhlükəsizliyi və beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynamışdır. BTC layihəsi beynəlxalq tərəfdaş ölkələr üçün də mühüm önəm kəsb edir. Bu layihə Avrasiya regionunda dövlətimizin mövqeyini gücləndirmiş, ölkəmizi Cənubi Qafqazın liderinə çevirmişdir. BTC həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın strateji əhəmiyyətini artırmışdır. BTC beynəlxalq enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilərək tərəfdaş dövlətlər üçün etibarlı enerji marşrutu kimi qəbul edilmiş, regional sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə vermişdir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkədə hərtərəfli yeniləşmə prosesinin əsas dayaqlarından biri kimi çıxış etmişdir. Bu proqramların icrası nəticəsində bölgələrdə infrastruktur layihələri genişlənmiş, kənd təsərrüfatı və yerli istehsal sahələrinin inkişafı üçün real imkanlar yaradılmışdır. İşsizliyin və yoxsulluğun səviyyəsinin azalması sosial siyasətin praktik nəticəsi kimi özünü göstərmişdir. Qeyri-neft sektorunun gücləndirilməsi iqtisadi şaxələnməni təmin etmiş, milli iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığını artırmışdır. Regional tarazlığın qorunması sosial ədalət prinsipinin real ifadəsinə çevrilmişdir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkənin davamlı inkişafı, iqtisadiyyatın şaxələnməsi və əhalinin rifahının yüksəldilməsi üçün möhkəm zəmin yaratmışdır. Strategiya beş Milli Prioritet əsasında həyata keçirilir və ölkənin iqtisadi artımının xarici təsirlərə qarşı dayanıqlığını möhkəmləndirir. Bu strategiyanın ardıcıl icrası nəticəsində iqtisadi artım davamlı, inklüziv və əhalinin rifahını artıran xarakter almışdır. Prezident İlham Əliyev artıq növbəti dövr üçün yeni sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasını tapşırmış, ölkənin gələcək çağırışlara və texnoloji tərəqqiyə hazırlığını təmin etmişdir. İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində sosialyönümlülüyün təmin edilməsinə və önəmli sosial layihələrin icrasına yönəldilir.

Prezident İlham Əliyevin regional təşəbbüsləri və diplomatik fəaliyyəti sayəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik etmiş və beynəlxalq nüfuzunu gücləndirmişdir. Eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər Azərbaycanı qlobal mədəniyyətlərarası dialoqun önəmli mərkəzlərindən birinə çevirmişdir.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və şanlı ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatmışdır. Bu Zəfər siyasi iradənin, xalq–ordu birliyinin və peşəkar hərbi strategiyanın təntənəsidir. Ardınca həyata keçirilmiş antiterror tədbirləri suverenliyin tam bərpasını təmin etmiş, yeni geosiyasi və təhlükəsizlik reallıqları formalaşdırmışdır. Bu proseslər regionda sülh və davamlı inkişaf üçün geniş imkanlar açmışdır. Böyük Qayıdışa dair dövlət proqramları işğaldan azad edilmiş ərazilərdə ən sistemli və sürətli yenidənqurma modellərindən birini formalaşdırmışdır. Qısa müddətdə irimiqyaslı infrastruktur layihələrinin icrası, yaşayış məntəqələrinin inşası və minlərlə ailənin doğma yurdlarına qayıdışı bu siyasətin real nəticələrini aydın şəkildə nümayiş etdirir.  Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qalib dövlət kimi şanlı Zəfərdən, Böyük Qayıdışdan və sülh gündəliyindən qaynaqlanan yeni strateji hədəfləri müəyyənləşdirmişdir. Bu gün Cənubi Qafqazda söz sahibi olan ölkəmiz regional miqyasda ədalətin, sülhün və əməkdaşlığın təminatçısıdır. İndi bütün dünya regional liderliyimizi və bölgədə formalaşdırdığımız yeni reallıqları qəbul edir.  Yeni dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi və siyasi dialoqun dərinləşdirilməsi prioritet istiqamətlər olacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri