25 dekabr 2025 00:14
84

Sink tərkibli qidaların faydalarını bilirdinizmi?

Sink soyuqdəyməyə səbəb olan mikroorqanizmlərlə mübarizə aparan immun hüceyrələrinin formalaşmasında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, bu mineral eyni zamanda soyuqdəymənin davametmə müddətini qısalda bilər. Bu səbəbdən də gündəlik qida rasionunda mərcimək, balqabaq tumu və hind toyuğu filesi kimi sinklə zəngin məhsulların yer alması tövsiyə olunur.

Soyuqdəymə adətən 7-10 gün davam edir. Mütəxəssislərin fikrincə, sink əlavələrinin qəbulu xəstəliyin daha qısa müddətdə ötüb keçməsinə kömək edə bilər. "Independent" nəşrinin məlumatına görə, bu mineral soyuqdəymənin qarşısını tamamilə almağa qadir olmasa da, aparılan bir çox elmi araşdırmalar sinkin gündəlik qəbulunun xəstəlik əlamətlərinin müddətini bir neçə gün azalda bildiyini göstərir.

2016-cı ildə ABŞ-ın Miçiqan ştatında aparılan tədqiqat zamanı sink pastilləri qəbul edən şəxslərdə soyuqdəymə simptomlarının təxminən üç gün daha tez keçdiyi müəyyən edilib. Bundan əlavə, 2021-ci ildə aparılmış əvvəlki araşdırmaların icmalı sink pastillərinin xəstəliyin müddətini orta hesabla iki gün qısalda biləcəyini ortaya qoyub.

Mütəxəssislərə görə, sinkin xəstəlik müddətini azaltmasının əsas səbəblərindən biri onun immun sisteminə müsbət təsir göstərməsidir. Dietoloq Culiya Zumpanonun sözlərinə görə, bu vacib mineral mikroorqanizmlərlə mübarizədə, yaraların sağalmasında və orqanizmdə bir çox mühüm proseslərin düzgün işləməsində əhəmiyyətli rol oynayır. Bununla belə, mütəxəssislər sink tərkibli əlavələrin mümkün yan təsirlərinə görə həkim məsləhəti olmadan qəbul edilməməsini tövsiyə edirlər.

Sink eyni zamanda, görmə qabiliyyətinin qorunmasına kömək edən, qan şəkərinin və xolesterol səviyyəsinin azalmasına müsbət təsir göstərən antioksidant xüsusiyyətlərə malikdir. Hind toyuğu filesi, çedar pendiri, istiridyə, krevet, mərcimək və balqabaq tumu sinkin təbii mənbələri hesab olunur.

Harvard Tibb Məktəbinin məlumatına görə, sink tərkibi baxımından ən zəngin qidalardan biri olan çiy istiridyənin 85 qramında 32 milliqram sink mövcuddur.

Şahnigar Əhmədova, "İki sahil"