25 dekabr 2025 00:35
91

Prezidentin Qarabağ səfəri regionun inkişafı və sabitliyi üçün strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin azad olunmuş ərazilərə mütəmadi səfərləri dövlətin postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq siyasətinin real nəticələrini əyani şəkildə nümayiş etdirir. Dövlət başçısı bu səfərlər zamanı görülən işlərlə yerində tanış olur, yeni yaşayış məntəqələrinin, sosial və infrastruktur obyektlərinin açılışında iştirak edir, həyata keçirilən layihələrin icra vəziyyətini şəxsən nəzarətdə saxlayır. Prezidentin səfərlərinin ən mühüm məqamlarından biri isə sakinlərlə, xüsusilə də uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarla birbaşa ünsiyyətdir. Bu görüşlər sadəcə rəsmi tədbir xarakteri daşımır, eyni zamanda, insanların illərlə yaşadıqları həsrət və ağrıların paylaşılması, onların sevincinə və ümidlərinə şərik olunması baxımından xüsusi mənəvi məna kəsb edir. Dövlət başçısı hər bir görüşündə vurğulayır ki, azad edilmiş torpaqlara qayıdış təkcə fiziki köç deyil, həm də ləyaqətli, təhlükəsiz və dayanıqlı həyatın bərpasıdır.   

Prezident İlham Əliyevin hər doğum gününü keçmiş məcburi köçkünlərlə birlikdə, azad olunmuş ərazilərdə keçirməsi isə bu siyasətin rəmzi ifadəsinə çevrilib. Dövlət başçısının doğma torpaqlara qayıdan insanlarla doğum gününü qeyd etməsi həm onların yaşadıqları çətinliklərin unudulmadığını, həm də bu qayıdışın dövlət üçün nə qədər önəmli olduğunu göstərir. Bu addım, eyni zamanda, “Biz birlikdə qayıtdıq və birlikdə qururuq” mesajını daşıyır. Prezidentin azad edilmiş ərazilərə tez-tez səfər etməsi, görülən işləri yerində qiymətləndirməsi və sakinlərlə birbaşa təmasda olması Azərbaycanın bərpa və yenidənqurma prosesinə verdiyi strateji önəmi bir daha təsdiqləyir. Bu səfərlər göstərir ki, azad olunmuş torpaqların dirçəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu proses insan amilini, vətəndaş məmnunluğunu və sosial ədaləti mərkəzində saxlayır.

Azad olunmuş ərazilərə mərhələli qayıdış prosesi çərçivəsində dövlət başçısının sakinlərlə birbaşa təmasları davam edir. Prezident İlham Əliyevin bu görüşləri həm Böyük Qayıdış Proqramının real nəticələrini nümayiş etdirir, həm də illərlə yurd həsrəti ilə yaşayan insanların sevincinə dövlət səviyyəsində verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb. Görüş zamanı Prezident doğma torpaqlarına 34 ildən sonra qayıdan keçmiş məcburi köçkünləri təbrik edib. Dövlət başçısı bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ilə keçmiş köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilir. Prezident İlham Əliyev vurğulayıb ki, Böyük Qayıdış Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramlarından biridir və bu proses ardıcıl şəkildə davam etdiriləcək. Prezident qeyd edib ki, sakinlər uzun illər çətin şəraitdə, həm fiziki, həm də mənəvi əzablar içində yaşayıblar, lakin artıq bu dövr arxada qalıb. Yəni Böyük Qayıdış Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır: “Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün.”

Azad olunmuş ərazilərdə təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində həyata keçirilən layihələr ardıcıl şəkildə davam etdirilir. Bu tədbirlər regionda müasir ali təhsil mühitinin formalaşdırılmasına və ixtisaslı kadr potensialının gücləndirilməsinə xidmət edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub. Dövlət başçısına binada yaradılacaq şərait barədə ətraflı məlumat verilib. Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyir. Fakültədə hazırda 7 ixtisas üzrə 300-dən çox tələbə təhsil alır. Yeni tədris binasının müasir standartlara uyğun inşa olunaraq qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Yeni bina auditoriyalar, laboratoriyalar və elmi-innovasiya məkanları ilə təchiz ediləcək, bu da mühəndislik təhsilinin keyfiyyətinin yüksəldilməsinə və qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verəcək.

Cənab İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-yə məxsus ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Dövlət başçısına müəssisənin fəaliyyəti və istehsal imkanları barədə məlumat verilib.Bildirilib ki, müasir texnologiyalarla təchiz olunan müəssisədə ildə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal olunacaq. Məhsulların əsas hissəsi ixraca yönəldiləcək. Layihənin ümumi dəyəri 20 milyon manatdır və müəssisə dövlətin təqdim etdiyi güzəşt və stimullardan yararlanıb. Müəssisənin fəaliyyətə başlaması Qarabağda sənaye potensialının formalaşmasına, yerli istehsalın və ixrac imkanlarının genişlənməsinə, eləcə də əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək. Hazırda burada 80 daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə yüzlərlə yeni iş yerinin açılması nəzərdə tutulur. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın təşviqi, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji prioritetlərindəndir.

Qarabağda sənaye potensialının genişləndirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin mebel istehsalı müəssisəsinin təməli qoyulub. Layihə həm yerli bazarın təminatına, həm də ixrac imkanlarının artırılmasına xidmət edəcək.

Qarabağda sənaye infrastrukturunun inkişafı istiqamətində növbəti əhəmiyyətli layihə reallaşdırılıb. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin olub. Çin texnologiyası əsasında qurulan müəssisənin illik istehsal gücü 7 min 200 ton təşkil edir və məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac olunacaq. 2,96 milyon manat dəyərində investisiya ilə yaradılan zavodda 32 daimi iş yeri açılıb, sənaye parkının rezidentlərinə verilən vergi və gömrük güzəştlərindən faydalanılır. Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağın sənaye potensialının artırılması və əhalinin məşğulluğunun genişləndirilməsi məqsədini daşıyır.

Qarabağda müasir yaşayış məntəqələrinin yaradılması istiqamətində növbəti mühüm layihə həyata keçirilib. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər və sakinlərlə görüşüblər.

Kompleks haqqında məlumat verilərək bildirilib ki, ərazisi 13 hektardan çox olan yaşayış məntəqəsində 11 məhəllə və 60 bina inşa edilib. Burada ümumilikdə 1268 mənzil mövcuddur: 114 birotaqlı, 464 ikiotaqlı, 536 üçotaqlı və 154 dördotaqlı. Dekabr ayında 104 ailə (426 nəfər) köçürüləcək, 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) yeni mənzillərə yerləşdiriləcək. Mənzillər və binalar müasir şəraitlə təmin olunub: daimi su, elektrik və sürətli internet xətləri, istilik və isti su mövcuddur. Kompleksin ərazisində uzunluğu 5 kilometrə yaxın daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Qeyd edək ki, dövlətimizin başçısı kompleksin təməlini 2023-cü ildə qoyub və bu ilin fevralında tikinti işlərinin gedişi ilə tanış olub. Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması, sosial infrastrukturun inkişafı və əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsidir. Bu layihələr müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri, sənaye parkları və xidmət sahələrinin yaradılması ilə bölgənin sürətli inkişafına töhfə verir.

Dövlət başçısının son səfəri bölgədə davamlı inkişaf və sülh prosesinin gücləndirilməsi baxımından əhəmiyyətli bir mesajdır. Səfər zamanı yeni sənaye və investisiya layihələrinin təməlqoyma mərasimləri və açılışlar həyata keçirildi, bu da regionun iqtisadi canlanmasına və iş yerlərinin yaradılmasına xidmət edir. Eyni zamanda, səfər göstərdi ki, dövlət Qarabağda sosial rifahın yüksəldilməsi, infrastrukturun bərpası və yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atır. Ümumilikdə, bu səfər bölgədə həm iqtisadi, həm də sosial inkişafın sürətləndirilməsi və uzunmüddətli sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  son səfərləri regionda bərpa və yenidənqurma işlərinin sürətləndirildiyini, sakinlərin rahat və müasir şəraitlə təmin olunduğunu nümayiş etdirir. Açılışlar və görüşlər Qarabağın dayanıqlı məskunlaşması, sosial infrastrukturun inkişafı və əhalinin rifahının yüksəldilməsi istiqamətində aparılan sistemli işlərin uğurla davam etdiyini göstərir.

Şəmsiyyə Əliqızı, “İki sahil”