27 dekabr 2025 00:57
89

Sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır - Prezident İlham Əliyev

Ermənistan onu qarşıdurmaya, gərginliyə sövq edən qüvvələrdən, onların hərbi yardımlarından imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməli və yalnız belə olan halda öz təhlükəsizliyini və inkişafını tam zəmanət altına almış olduğunu anlamalıdır

Xəbər verildiyi kimi, dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər və buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev görüşdə çıxış edərkən bir sıra məsələlərə toxunub. Dövlət başçısı diqqəti tarixi Zəfərimizə qədər və Zəfərdən sonrakı dövrün reallıqlarına yönəldib. Bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan beynəlxalq təşkilatlar başqa fikirdə olublar. Onlar otuz ilə yaxın müddət ərzində Ermənistanla, işğalçı, talançı dövlətlə həmrəylik nümayiş etdiriblər: “Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi”.

Beş il bundan öncə İkinci Qarabağ müharibəsi nəticəsində haqq-ədalət, beynəlxalq hüquq bərpa edildi. Bu möhtəşəm Zəfər çoxəsrlik dövlətçilik tariximizin ən böyük hərbi-siyasi qələbəsi oldu. Ermənistan ordusunun darmadağın edilib ölkəmizdən qovulmasından sonra bölgənin dinc erməni icmasına qalıb yaşamaq imkanları təmin edilsə də, bölgədə sülh yaratmalı olan Rusiya sülhməramlılarının açıq-gizli dəstəyi ilə Azərbaycanın suverenliyinin bərpası üçün ciddi maneələr yaradıldı. Xankəndi–Xocalı–Xocavənd–Ağdərə çevrəsində cəmlənmiş Ermənistan ordusunun qalıqları və yerli silahlı dəstələr xunta formatında dirçəldilərək, gizli yollarla silahlandırılaraq təslimolma şərtlərini yerinə yetirmədilər. Erməni icmasının yaşadığı ölkənin qanunlarına tabe olmaması, Qarabağın sərvətlərinin talan edilməsi, ən başlıcası isə qanlı terror əməllərinin genişlənməsi bölgənin taleyini lokal antiterror əməliyyatı keçirmək zərurəti ilə üzləşdirdi. Azərbaycan dövlətinin 2023-cü il sentyabrın 19–20-də keçirdiyi 1 sutkalıq sürətli antiterror əməliyyatı bölgənin dinc əhalisindən yan ötməklə Xankəndi xuntasının bədnam varlığına son qoydu. Bununla Azərbaycanın konstitusiyalı quruluşu, dövlət suverenliyi, Qarabağı da bütünlüklə əhatə etməklə, ölkə ərazisində də tam bərpa edildi.

Prezident İlham Əliyev Ermənistanın silahlandırılmasına da diqqət çəkib. Dövlət başçısı hər zaman Fransa, Yunanıstan və Hindistanın Ermənistanı açıq şəkildə silahlandırmasını tənqid edir, Azərbaycanın bu prosesə sona qədər seyrçi qalmayacağını bildirir. Prezident budəfəki nitqində bildirib ki, Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində: “Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı. Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, - hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, - oraya vizalar alırdılar”.

Bu sözlər həm Ermənistan, həm də ona himayədarlıq edən qüvvələr üçün ciddi mesajdır. İrəvan anlamalıdır ki, bu gün ona zirehli texnikalar, raket sistemləri verən, öz hərbi müşavirlərini bu ölkəyə  göndərən dövlətlərin məqsədi heç də işğalçı dövlətə yardım etmək, onun hərbi baxımdan möhkəmlənməsinə köməklik göstərmək deyil. Bu dövlətlərin məqsədi Ermənistanı qurban vermək hesabına regiondakı maraqlarını təmin etmək, bölgədə möhkəmlənmək, daha çox siyasi-iqtisadi qazanc əldə etməkdir. Əgər günü sabah bölgədə yeni bir qarşıdurma olsa, həmin qüvvələr elə ilk güllə atılanda Ermənistanı taleyin ümidinə buraxacaq, atıb qaçacaqlar. Buna görə də Ermənistan onu qarşıdurmaya, gərginliyə sövq edən bu qüvvələrdən, onların hərbi yardımlarından imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməlidir. Yalnız belə olan halda Ermənistan öz təhlükəsizliyini və inkişafını təmin edə bilər.

Dövlət başçısı İlham Əliyev bir daha Azərbaycan dövlətinin, xalqının 30 illik işğal dövründə yaşadıqlarına baxmayaraq humanistlik göstərib Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. 30 illik işğal dövründə qarşı tərəf danışıqlara imitasiya naminə qatılıb vaxt qazanmağa çalışsa da Azərbaycan tərəfi sülh danışıqlarının nəticə verəcəyinə ümid edirdi. Çünki ədalətin və beynəlxalq hüququn tərəfində olan ölkəmiz dünyanın haqqı müdafiə edəcəyini düşünürdü. Lakin əksər  dünya gücləri ədalət və beynəlxalq hüquq məfhumlarını maraqlarının arxasında gizlədərək ikili standartlara əsaslanan siyasətləri ilə  beynəlxalq aləmdə bir etimadsızlıq mühitini yaratdılar. Hansı ki, bu gün bəzi dünya gücləri həmin dövrün reallıqlarını unutmuş kimi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına səy göstərir, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğunu bildirirlər. 30 illik işğal dövründə bu reallığı təsdiqləsəydilər sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı. “Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik,” – deyə ölkə başçısı qeyd edib.

Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, sülh təşəbbüslərinə baxmayaraq biz erməni ordusunun törətdiyi vəhşilikləri unuda bilmərik. Qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını, şəhidlərimizi unuda bilmərik: “...biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”.

Xatırladaq ki, postmüharibə dövründə Bakı tərəfindən yürüdülən ardıcıl və prinsipial siyasət Azərbaycanın milli maraqları ilə yanaşı, bütövlükdə regionun uzunmüddətli inkişaf perspektivlərinə xidmət edir. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, revanşizm və təzyiq dili əvəzinə beynəlxalq hüquqa, qarşılıqlı etimada və rasional əməkdaşlığa əsaslanan yanaşma sərgiləyir. Məhz bu siyasət Cənubi Qafqazın gələcək inkişaf strategiyasının konturlarını müəyyənləşdirir. Azərbaycanın əsas məqsədlərindən biri regionu qlobal iqtisadi-ticari marşrutların mühüm həlqəsinə çevirmək, eyni zamanda, qonşu dövlətlər arasında münasibətləri normal qonşuluq və qarşılıqlı maraqlar müstəvisinə çıxarmaqdır. Bu kontekstdə postmüharibə mərhələsində Bakının atdığı addımlar xüsusi diqqət çəkir. Ermənistanla münasibətlərin mərhələli şəkildə normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslər Azərbaycanın konstruktiv və məsuliyyətli aktor olduğunu bir daha təsdiqləyir. Artıq Cənubi Qafqaz yeni inkişaf dövrünə qədəm qoyur və Ermənistanın da bu prosesə qoşulması regionun ümumi rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Ermənistan üzərindən tətbiq etdiyi iqtisadi məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırması, bu ilin oktyabrında taxıl ixracının Azərbaycan ərazisi vasitəsilə həyata keçirilməsi mühüm siyasi və iqtisadi mesaj idi. İndi isə Bakının Ermənistana neft məhsullarının ixracına başlaması regional situasiyanın daha fərqli mərhələyə keçdiyini göstərir. Bu addım təkcə iqtisadi mahiyyət daşımır, eyni zamanda, Azərbaycanın sülh prosesinə sadiqliyinin, sabitlik və qarşılıqlı asılılıq üzərində qurulan yeni regional düzənin tərəfdarı olduğunun bariz nümunəsidir.

Sevinc Azadi, “İki sahil”