28 dekabr 2025 18:09
141

"Balaca şahzadə” nümayiş olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yeni İl bayramı münasibətilə fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri nümayiş olunub.

“İki sahil” xəbər verir ki, yenilənən heyət ilə göstərilən səhnə əsərinə Şaxta baba və Qar qız personajları da daxil olub. Yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayevdir. Tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində əsas obrazı şəhid Telman Kəlbiyevin övladları Elcan Kəlbiyev və Səid Kəlbiyev canlandırıblar. 

Qızılgül obrazına həyat verən Nəzrin İsmayılzadə qeyd edib ki, təxminən bir ay davam edən hazırlıq prosesi həm maraqlı, həm də yaddaqalan keçib. “Balaca Şahzadənin başqa planetdə yaşayan yaxın dostunu canlandırıram. Dostluq real həyatda da hər kəs üçün çox vacibdir. Arzu edirəm ki, həyatımızda Balaca Şahzadə kimi səmimi və dəyərli dostlarımız çox olsun”, - deyə N. İsmayılzadə əlavə edib.

Əsərin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Əyləncə və macəra dolu tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.

Səhnə əsərində Əməkdar artistlər İqrar Salamov, Ələkbər Əliyev, aktyorlar İlahə Rüstəmova, Firuzə Cəfərova, Fərid Rzayev, Elçin İmanov, Nuray Məmmədzadə, Nəzrin İsmayılzadə və digər aktyorlar iştirak ediblər.

“Balaca şahzadə” yanvarın 4-dək davam edəcək.