28 dekabr 2025 23:59
75

Gürcüstanda soydaşlarımız mükafatlandırılıb

Marneuli şəhərində 24News.ge xəbər portalı və internet televiziyası tərəfindən Gürcüstan azərbaycanlıları arasında fəaliyyəti, çalışdıqları sahələr üzrə uğurları ilə seçilən insanların mülafatlandırıması mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri, jurnalistlər, ziyalılar və gənclər iştirak ediblər.

24News.ge xəbər portalının təsisçisi, jurnalist Azər Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib, onlara yeni ildə uğurlar arzulayıb. Bildirilib ki, cari il ərzində media nümayəndələri və ictimai fəallar tərəfindən aparılan müşahidələr əsasında Gürcüstan azərbaycanlıları arasında müxtəlif sahələr üzrə fəal şəxslər seçilib və onların mükafatlandırılması qərara alınıb. Mükafatlar cəmiyyətdə, mərkəzi mediada və beynəlxalq platformalarda Gürcüstan azərbaycanlılarını layiqincə təmsil edən, ictimai fəallığı ilə seçilən şəxslərə təqdim edilib. A.Məmmədov bildirib ki, təşəbbüsün əsas məqsədi icma üzvləri arasında aktivliyi təşviq etmək, gəncləri və ziyalıları ictimai, mədəni və peşəkar fəaliyyətə həvəsləndirməkdir.

Çıxış edənlər bu cür nominasiyaların Gürcüstan azərbaycanlılarının inteqrasiyasında, eyni zamanda milli-mənəvi dəyərlərin təbliğində mühüm stimul rolunu oynadığını vurğulayıblar. Qonaqlar həmçinin, 2018-ci ildən fəaliyyət göstərən 24News.ge xəbər portalının və 24News TV internet televiziyasının bölgədə geniş oxucu və tamaşaçı auditoriyasına malik olduğunu, müxtəlif sahələr üzrə ardıcıl və təqdirəlayiq fəaliyyət göstərdiyini qeyd ediblər.

Sonda on nominasiya üzrə – "İlin xanım polis mayoru", "İlin ən yüksək bal toplayan tələbəsi", "İlin ən yaxşı rəqs müəlliməsi", "İlin ən yaxşı tar ifaçısı", "İlin ən fəal müəllimi", "İlin ən fəal təşkilat rəhbəri", "İlin ustad aşığı", "İlin ən yaxşı solisti", "İlin ən yaxşı futbol müəllimi" və "İlin xalça ustası" nominasiyaları üzrə mükafatlar təqdim olunub.

Tədbir konsert proqramı ilə yekunlaşıb.