29 dekabr 2025 21:57
107

MİLLİ BİRLİK VƏ HƏMRƏYLİK GÜNÜ

31 dekabr Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Аzərbаycаn tаriхinin 1969-cu ildən bəri yаşаnаn dövrü Ulu Öndərin аdı ilə sıх bаğlıdır və tаriхimizə Hеydər Əliyеv еpохаsı kimi əbədi həkk оlunmuşdur. Bu dövrün Аzərbаycаnın gələcək tаriхi tаlеyi bахımındаn bаşlıcа məzmunu аzərbаycаnçılıqdır.

1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Məhz bu müqəddəs amallara çatmaq üçün 1991-ci il dekabrın 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. Həmin sessiyadakı çıxışında Ulu Öndərimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq deyib: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.

Milli dəyərlərimizə dərindən bələd olan, dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olan Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə oldu. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Ondər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugündə fəxr edirəmki, mən azərbaycanlıyam!” kəlamları hər bir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Ümummilli Liderimizin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Ölkə Prezidenti cənab  İlham Əliyevin effektiv siyasətinin təzahürü kimi dövlət başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də IV qurultaylarının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfələr vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, qurultaylar bir daha dünya azərbaycanlılarının, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. 

Milli birliyimiz, həmrəyliyimiz 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında mühüm rol oynadı. Haqq, ədalət savaşı Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü oldu. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın  düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşamağımız dan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir.                                                     

Bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhərində 2022-ci il aprelin 22-23-də  Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tariximizdə yeni səhifə açdı. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər Qurultayı elan etdi. Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi post münaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.

Bu gün ölkəmiz inkişaf etmiş və dünya ölkələri arasında böyük nüfuz qazanmış bir dövlətə çevrilmişdir. Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik ölkəmizi, xalqımızı yeni-yeni qələbələrə aparacaq!

Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı