30 dekabr 2025 10:21
145

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpaqları olan Azərbaycanın ərazisində yaşayaraq bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş, zəngin mədəni-mənəvi irs yaratmış, dünya elmi və mədəniyyətində silinməz izlər qoyan görkəmli şəxsiyyətlər yetişdirmişlər. Lakin müxtəlif tarixi mərhələlərdə baş verən müharibələr, inqilablar, hərbi toqquşmalar və mürəkkəb ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın tarixi əraziləri parçalanmış, əvvəlcə iki dövlət arasında bölüşdürülmüş, daha sonra isə Rusiya imperiyasının tərkibinə daxil olan hissələrindən qonşu dövlətlərə paylanmışdır. Bunun nəticəsində azərbaycanlıların bir qismi öz doğma yurd-yuvalarından didərgin düşmüş, deportasiyalara məruz qalmış, bir hissəsi isə iş, təhsil və digər səbəblərlə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır.

Bu gün dünya üzrə 50 milyondan artıq azərbaycanlı yaşayır və onların bir-biri ilə əlaqələrinin möhkəmləndirilməsi,milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün simvolik bir təqvim gününə ciddi ehtiyac yaranmışdır. Məhz bu zərurətdən irəli gələrək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan xalqının tarixində xüsusi yer tutan, qürur və iftixar mənbəyi olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilmişdir.

Bu tarixi köklərimizə, milli kimliyimizə və mənəvi dəyərlərimizə sadiqliyimizin təzahürüdür.Dünya Azərbaycanlılarının Həmrəylik Günü yalnız xaricdə yaşayan soydaşlarımızın deyil, həm də ölkə daxilində yaşayan hər bir vətəndaşın öz xalqına, Vətəninə və mədəniyyətinə bağlılığını ifadə etdiyi ümummilli bayramdır. Bu gün bütün dünya azərbaycanlılarının vahid bayraq altında birləşərək Azərbaycanın müstəqilliyini, gücünü və milli maraqlarını qorumaq naminə həmrəy mövqe nümayiş etdirdiyi mühüm bir platforma rolunu oynayır. Tarixi və mənəvi əhəmiyyəti ilə bu gün xalqımızın birliyini möhkəmləndirən, gələcəyə inam hissini gücləndirən rəmzi məna daşıyır.

Məlum olduğu kimi, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş və bununla bağlı qanunvericilik aktının qəbul edilməsi üçün Azərbaycan Respublikasının parlamentinə müraciət etmişdir. Ardınca, dekabrın 25-də bu təklif respublika parlamenti tərəfindən qəbul olunmuş və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə rəsmi qərar verilmişdir.

Beləliklə, Ulu Öndər Heydər Əliyev “dünya azərbaycanlıları” anlayışını siyasi və ideoloji məzmunla formalaşdıraraq ona birlik fəlsəfəsi qazandırmışdır. Bu anlayış təkcə etnik azərbaycanlıları deyil, tarixi Azərbaycan torpaqlarında yaşayan bütün etnik birlikləri, dövlətimizin bütün vətəndaşlarını, eləcə də xaricdə yaşayan həmvətənlərimizi – bir sözlə, Azərbaycan dövləti və xalqı ilə mənəvi, tarixi və siyasi bağlılığı olan hər kəsi özündə ehtiva edir.

Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ideoloji əsaslarını formalaşdıran böyük dövlət xadimi olmuşdur. Onun rəhbərliyi ilə milli həmrəylik ideyası dünya üzrə yaşayan diaspor nümayəndələri arasında sistemli şəkildə təbliğ edilmişdir. Heydər Əliyev xarici səfərləri zamanı mütləq şəkildə azərbaycanlılarla görüşür, onların problemləri ilə yaxından maraqlanır, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində dəyərli tövsiyələr verirdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu gün də hər bir həmvətənimiz üçün qürur və milli kimlik rəmzinə çevrilmişdir.

Ümummilli Liderin müəyyənləşdirdiyi bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı xarici səfərləri çərçivəsində diaspor nümayəndələri ilə müntəzəm görüşlər keçirir, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirir və onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində oynadığı rolu daim önə çəkir. Prezident İlham Əliyevin Avropa, Asiya və Amerika ölkələrinə səfərləri zamanı diasporla apardığı fikir mübadiləsi həm milli maraqların müdafiəsi, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü yalnız etnik azərbaycanlılar üçün deyil, Azərbaycanın mədəni dəyərlərini bölüşən digər xalqlar üçün də xüsusi məna ifadə edir. Bu əlamətdar gün hazırda dünyanın 70-dən artıq ölkəsində qeyd olunur. Azərbaycan diasporu milli-mənəvi dəyərlərin təbliği, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir.

Azərbaycan Respublikası müstəqil və suveren dövlət kimi dünya azərbaycanlılarının milli birliyinin əsas mərkəzinə çevrilmişdir. Dövlətin göstərdiyi dəstək nəticəsində diaspor təşkilatları azərbaycançılıq ideyasının yayılması, dilimizin, dinimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini daha da genişləndirirlər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyin, Vətənə sədaqətin və milli-mənəvi dəyərlərə hörmətin rəmzidir.Dünya azərbaycanlıları bu günü qeyd etməklə Azərbaycanın müstəqilliyinə və milli birliyinə bağlılıqlarını nümayiş etdirir, bu dəyərləri yaşadaraq gələcək nəsillərə ötürürlər.

2001-ci il noyabrın 9–10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə soydaşlarımızın milli özünüdərk hissinin gücləndirilməsi və təşkilatlanması istiqamətində atılmış mühüm tarixi addım olmuşdur. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmalarının fəallığının artmasına, onların vahid ideologiya və ümumi məqsədlər ətrafında birləşməsinə əlverişli zəmin yaratmışdır.

Qurultay eyni zamanda Azərbaycan dövlət siyasətində diaspor məsələləri üzrə yeni bir mərhələnin əsasını qoydu.

Ümummilli Liderin müəyyən etdiyi milli birlik və diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısı xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir, diaspor təşkilatlarının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir və soydaşlarımızın maraq və mənafelərinin qorunmasını əsas vəzifə kimi müəyyənləşdirir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı diaspor təşkilatlarının daha təsirli gücə, beynəlxalq miqyasda lobbi imkanlarına malik strukturlara çevrilməsi istiqamətində mühüm addım oldu. Bu qurultay xaricdə yaşayan azərbaycanlıların milli ruhunun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə ciddi töhfə verdi.

Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlıq “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir. 2007-ci ildə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının birinci forumu bu əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı.

2008-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında qəbul edilən “Dünya Azərbaycanlılarının Xartiyası” milli birliyin və təşkilatlanmanın daha da gücləndirilməsinə xidmət etdi. Sözügedən sənəd müstəqil Azərbaycanın dünya azərbaycanlıları üçün əsas cazibə və birləşdirici mərkəz olduğunu bir daha təsdiqlədi.

Bu gün Azərbaycan diasporu beynəlxalq miqyasda fəaliyyətini genişləndirərək güclü lobbi qruplarına çevrilmişdir. Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ məsələsi ilə bağlı beynəlxalq dəstəyin artırılması və erməni diasporunun dezinformasiya kampaniyalarının ifşa olunması istiqamətində mühüm uğurlar əldə etmişlər.

2018-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinin qorunması, diaspor təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və Azərbaycanın beynəlxalq aləmdə daha geniş təbliği məqsədi daşıyır. Fondun əsas vəzifələri soydaşlarımızın milli kimliklərini qoruyaraq tarixi Vətənlə əlaqələrini möhkəmləndirmək, milli maraqların müdafiəsini təşkil etmək və diaspor qurumlarının maddi-texniki bazasını gücləndirməkdən ibarətdir. Eyni zamanda, Fond müxtəlif media platformaları vasitəsilə Azərbaycanın sosial, siyasi və mədəni nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır, dost münasibət bəsləyən xalqların diasporları ilə əməkdaşlığı genişləndirir.

2020-ci ildə baş vermiş Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin ən parlaq nümunəsinə çevrildi. Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi altında Azərbaycan xalqı və dünya azərbaycanlıları haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün vahid mövqedən çıxış etdilər. Xaricdə yaşayan soydaşlarımız müharibə dövründə erməni təbliğatına qarşı fəal mübarizə apararaq Azərbaycanın ədalətli mövqeyini müdafiə etdilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, soydaşlarımızın düşmənin təxribatlarına qarşı cəsarətli etirazları və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fədakar fəaliyyəti Qələbəmizə mühüm töhfə oldu.

İkinci Qarabağ müharibəsi dövründə milli birlik daha da möhkəmləndi. Xaricdə yaşayan azərbaycanlılar keçirdikləri aksiyalar, beynəlxalq mediaya verdikləri müsahibələr və apardıqları maarifləndirici kampaniyalar vasitəsilə Azərbaycan dövlətinin maraqlarını ardıcıl şəkildə müdafiə etdilər. Bu fəaliyyət xalqımızın dünya miqyasında həmrəyliyini və gücünü nümayiş etdirdi.

2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı “Zəfər Qurultayı” kimi tarixə düşdü. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbədən sonra keçirilən bu tədbir milli həmrəyliyimizin rəmzinə çevrildi. Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq, dövlətimiz isə qalib dövlət kimi tarixdə yer alacaq” fikri bu tarixi mərhələnin mahiyyətini aydın şəkildə ifadə etdi. Şuşada keçirilən Zəfər Qurultayı eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yeni inkişaf dövrünün başlandığını nümayiş etdirdi.

Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası (Alyansı), 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir.

Bununla belə, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 2 dekabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş 7-ci görüşündə 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı” qəbul edildi.

Azərbaycan dövləti diaspor siyasətini ardıcıl şəkildə inkişaf etdirərək dünya azərbaycanlılarının milli birliyinin daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atır. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılan Əlaqələndirmə Şurası və qəbul edilən “Dünya Azərbaycanlılarının Xartiyası” soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsinə xidmət edir. Bu siyasətin yeni və davamlı mərhələsi isə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ilə daha da möhkəmləndirilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qarabağ Zəfəri Azərbaycan xalqının milli birliyini daha da gücləndirmişdir. Dövlət başçısının “Dəmir yumruq” ifadəsi həm tarixi Zəfərimizin, həm də xalq-dövlət-diaspor birliyinin rəmzinə çevrilmişdir. Bu gün dünya azərbaycanlıları milli kimliklərinə, tarixi torpaqlarına və müstəqil dövlətlərinə bağlılıq hissi ilə haqlı olaraq fəxr edirlər. Qarabağda qazanılan Qələbə və Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycan xalqının gücünü və sarsılmaz həmrəyliyini bir daha təsdiqləmişdir.

Şübhəsiz ki, bu əlamətdar gün gələcəkdə də dünya azərbaycanlılarının əbədi birliyinin qorunub saxlanmasında, milli dəyərlərimizin təbliğ və yaşadılmasında, xalqımızın dünya mədəniyyətinə, siyasətinə və elminə yeni töhfələr verməsində mühüm rol oynamaqda davam edəcəkdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini