“Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb”. Bu fikirləri 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir.
Azərbaycanda həyata keçirilən idman siyasəti bir sıra amilləri özündə ehtiva edir. Bu həm ölkəmizin adının yüksəltməklə yanaşı gənclərin fiziki hazırlığı, asudə vaxtlarının səmərəli təşkili məsələlərini özündə cəmləşdirir.
Dövlət başçısı çıxışında da bu məsələyə xüsusi olaraq toxunub: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.
Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər”.
Ümumilikdə idman uğurları milli-mənəvi mühitin formalaşmasına birbaşa təsir göstərən amildir. Qazanılan qələbələr cəmiyyətdə özünəinamı gücləndirir. Birlik və həmrəylik hissini möhkəmləndirir.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı