31 dekabr 2025 12:52
88

Ölkəmiz 2026-cı ildə də öz milli maraqlarını müdafiə edəcək

2025-ci il Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyi, xarici siyasət kursunun uğurla davam etdirildiyi və iqtisadi inkişaf sahəsində mühüm irəliləyişlərin əldə olunduğu il kimi tarixə düşdü. Eyni zamanda, 2025-ci il Azərbaycan üçün “Konstitusiya və Suverenlik İli” kimi xüsusi əhəmiyyət daşıdı, ölkəmizin suverenliyinin, dövlətçiliyinin və milli hüquqlarının gücləndirilməsi sahəsində mühüm addımlar atıldı.
Dövlət başçısının il ərzində həyata keçirdiyi xarici səfərlər, o cümlədən ABŞ-a rəsmi səfəri Azərbaycanın dünya siyasətində artan rolunun, həmçinin qlobal proseslərdə fəal iştirakının göstəricisi oldu. Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında beynəlxalq təhlükəsizlik, regional əməkdaşlıq, sülh təşəbbüsləri və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi. Səfər çərçivəsində aparılan ikitərəfli görüşlərdə ABŞ Konqresinin üzvləri və işgüzar dairələrlə aparılan geniş müzakirələr strateji əməkdaşlığın daha da inkişafı üçün real zəmin yaratdı. Həmçinin, ABŞ-da keçirilən investisiya forumları və iqtisadi toplantılar Azərbaycanın biznes və maliyyə sektorları üçün yeni imkanlar açdı, ölkəmizin investisiya cazibəsini daha da artırdı.
2025-ci ildə Azərbaycanın xarici siyasət prioritetləri sırasında regionda dayanıqlı sülhün təmin olunması, nəqliyyat-kommunikasiya layihələrinin icrası və enerji təhlükəsizliyində fəal iştirak mühüm yer tutdu. Prezident İlham Əliyevin Brüssel, Pekin, Ər-Riyad və Astanaya səfərləri çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın geosiyasi əhəmiyyətini daha da yüksəltdi, ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirdi.
İqtisadi sahədə isə . ÜDM-də qeydə alınan artım, qeyri-neft sektorunda genişlənən istehsal həcmləri və ixracın artması Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların səmərəliliyini təsdiq edir. Xüsusilə, “Yaşıl enerji” konsepsiyası çərçivəsində Xəzər dənizində külək və günəş enerjisi layihələrinin icrası, Bərpaolunan Enerji üzrə Qlobal Konfransın Bakıda keçirilməsi ölkəmizi beynəlxalq enerji gündəliyində önə çıxardı.
Beləliklə, 2025-ci il həm xarici siyasət, həm də iqtisadi inkişaf baxımından Azərbaycan üçün mühüm nailiyyətlər ili oldu. 2026-cı ilin isə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin şəhərsalma, urbanizasiya və infrastruktur layihələrinə daha geniş diqqət ayıracağını, həmçinin müasir şəhərsalma standartlarının tətbiqini stimullaşdıracağını göstərir.
Yeni 2026-cı ildə xalqımız dövlətimizin başçısının müdrik siyasətinə sarsılmaz inam bəsləyir, birmənalı şəkildə dəstəkləyir və ölkəmizin rifahı və tərəqqisi naminə atılan uğurlu addımlara görə cənab Prezidentə dərin təşəkkürünü bildirir. Həmçinin ona möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayır. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial liderliyi sayəsində ölkəmiz 2026-cı ildə də öz milli maraqlarını qətiyyətlə müdafiə edərək tərəqqi və inkişafını davam etdirəcək.

Fərhad Qaraşov,
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri