05 yanvar 2026 18:52
189

Misin qiyməti ilk dəfə...

Yanvarın 5-də London Metallar Birjasında (LME) mis fyuçerslərinin qiyməti tarixi rekorda imza ataraq bir ton üçün 13 min dollara çatıb. Bununla da mis qiyməti ilk dəfə olaraq bu psixoloji həddi keçmiş olub. Yanvarın 2-də keçirilən əvvəlki ticarət sessiyasının bağlanışında misin qiyməti 12,5 min dollardan bir qədər yuxarı idi.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Qeyd edək ki, misin əvvəlki rekord qiyməti cəmi bir neçə gün əvvəl — 29 dekabrda qeydə alınmışdı və o zaman qiymət təxminən 12,8 min dollar səviyyəsində olmuşdu. Beləliklə, bazarda qısa müddət ərzində ardıcıl rekordların yenilənməsi müşahidə olunur.

Analitiklər misin bahalaşmasını əsasən təchizatın azalması ilə bağlı narahatlıqlarla əlaqələndirirlər. Xüsusilə Çilidə yerləşən Mantoverde mədənində baş verən tətil bazarda riskləri artırıb. Çili dünyanın ən böyük mis istehsalçılarından biri olduğundan, bu ölkədə hasilatla bağlı istənilən problem qlobal qiymətlərə dərhal təsir göstərir.

Ümumilikdə 2025-ci il ərzində misin qiyməti 42% artıb. Mütəxəssislərin fikrincə, bərpa olunan enerji layihələri, elektromobillərə artan tələbat və infrastruktur xərclərinin yüksəlməsi fonunda misə olan maraq yüksək olaraq qalacaq və qiymətlər yaxın dövrdə də volatilliyini saxlaya bilər.