Almaniya hakimiyyəti Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin kansler Fridrix Mertsin taleyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, Medvedev TASS-a verdiyi son müsahibədə ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat və prezident Nikolas Maduronun ələ keçirilməsi fonunda "Mertsin oğurlanmasının da yaxşı süjet ola biləcəyini" demişdi.
Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille bu bəyanatları kəskin şəkildə pisləyib.
"Tagesspiegel" nəşrinin sitat gətirdiyi açıqlamada o bildirib: "Biz bu cür təhdidləri ən qəti şəkildə pisləyirik".
Hille əlavə edib ki, hökumət kanslerin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərə ehtiyac görmür. Onun sözlərinə görə, kansler Merts etibarlı şəkildə qorunur, mühafizə xidməti əməkdaşları isə dünyanın ən peşəkar təhlükəsizlik qrupları sırasında yer alır.
Xatırladaq ki, Dmitri Medvedev həmin müsahibədə ABŞ-ın oxşar "Venesuela ssenarisi"ni Ukraynada da təkrarlaya biləcəyini iddia edib.