ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiya ilə bağlı hakimiyyət orqanlarına təklif oluna biləcək bir saziş layihəsi üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqtonda Qrenlandiya ilə Azad Assosiasiya Müqaviləsinin bağlanması variantı müzakirə olunur. Bu model adanın əhalisinin həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutur. ABŞ-ın Mikroneziya, Marşall Adaları və Palau ilə oxşar sazişləri mövcuddur: Vaşinqton maliyyə dəstəyi göstərir, tərəfdaşlar isə daxili özünüidarəni saxlayaraq müdafiə məsələlərini ABŞ-a həvalə edirlər.
The Economist qeyd edir ki, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı siyasəti iki məqsəd güdür: Danimarka ilə Qrenlandiya arasında fikir ayrılıqlarını dərinləşdirmək və Kopenhageni kənarda qoyaraq ada hakimiyyəti ilə birbaşa danışıqlara başlamaq. Bununla belə, jurnal adanın “birbaşa anneksiyasını” az ehtimallı hesab edir və ABŞ-ın iddialarının Avropa liderləri arasında narahatlıq doğurduğunu vurğulayır.
Nəşr xatırladır ki, Qrenlandiyada artıq ABŞ-ın hərbi bazası yerləşir və Danimarka ilə mövcud razılaşmalar ABŞ qoşunlarının sayını məhdudlaşdırmır. Lakin onların əhəmiyyətli dərəcədə artırılması, ehtimal ki, Kopenhagenin razılığını tələb edəcək. Yanvarın 4-də Donald Tramp ABŞ-ın milli təhlükəsizlik baxımından Qrenlandiyaya nəzarətə ehtiyac duyduğunu bildirmiş, adanın ətrafında “Rusiya və Çin gəmilərinin çoxluğunu” qeyd etmişdi.