07 yanvar 2026 11:25
860

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturu NECƏ TƏKMİLLƏŞDİRİLİR? - EKSPERT AÇIQLAYIR

Qlobal çağırışlar və Dövlət Proqramının rolu

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı vacib məqamları qeyd edib. Dövlət başçısı nəqliyyat sistemlərinin şəhərin iqtisadi və sosial inkişafı ilə sıx bağlı olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən islahatların Bakı və ətraf ərazilərdə əhalinin hərəkətliliyinin təmin edilməsinə və ekoloji cəhətdən dayanıqlı bir sistemin yaradılmasına mühüm təsir göstərəcəyini qeyd edib.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Samir Rəhimov bildirib ki, son illər ərzində ölkəmizdə yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilir: “Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə bir çox irimiqyaslı layihələr uğurla icra olunur. Bakıdakı əsas magistral yollarda təmir və bərpa işləri, eyni zamanda yol infrastrukturunun müasirləşdirilməsi, yollarda nəqliyyat vasitələrinin sayının artan tempinə uyğun olaraq davam etdirilir. Son 20 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əldə olunan ən mühüm nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bununla yanaşı, ümumi istifadədə olan və Bakı şəhərindəki avtomobil yollarında 335 ədəd körpü və yol ötürücüsü inşa olunub, 56 ədəd körpü təmir edilib, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilib.”

Samir Rəhimov qeyd edib ki, dünya miqyasında iri şəhərlərdə nəqliyyat sıxlığının artması urbanizasiyanın, iqtisadi inkişafın və əhalinin şəxsi nəqliyyat vasitələrinə əlçatanlığının sürətlə artması nəticəsində əhəmiyyətli dərəcədə böyüyür: “Şəhər nəqliyyat sistemində tıxaclar, yol qəza hadisələri, ekoloji çirklənmə və yüksək iqtisadi xərclər əsas çağırışlardır. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidentinin 2025-ci ildə təsdiq etdiyi, monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən  "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" qlobal çağırışlara yüksək səviyyədə cavab verərək şəhər nəqliyyatının dayanıqlı inkişafını təmin etmək, ekoloji və sosial dayanıqlılığı gücləndirmək, əhalinin yüksək keyfiyyətli və təhlükəsiz nəqliyyat xidmətlərinə çıxışını təmin etmək məqsədi daşıyır. Bu proqram şəhərimizin nəqliyyat sisteminin müasir tələblərə uyğunlaşdırılmasını, ekoloji və sosial dayanıqlılığın gücləndirilməsini, əhalinin yüksək keyfiyyətli və təhlükəsiz nəqliyyat xidmətlərinə çıxışının təmin edilməsini, eləcə də ərazinin uzunmüddətli və davamlı inkişafına dəstək verilməsini təmin edəcək.”

Nəqliyyat axınlarının idarə edilməsi optimallaşdırılır

Dövlət Proqramının nəqliyyat sisteminin rəqəmsallaşdırılması, yenilikçi texnologiyaların tətbiqi və şəhərdən kənara doğru nəqliyyat axınlarının idarə edilməsinin optimallaşdırılması prinsipini əsas götürdüyünü vurğulayan S.Rəhimov əlavə edib ki, bu yanaşma ekoloji cəhətdən dayanıqlı nəqliyyat həllərinin tətbiqini, sərnişin və yükdaşımalarının təhlükəsizliyini və səmərəliliyini artırmaqla yanaşı, şəhərdəki sıxlıq problemini həll etməyi hədəfləyir: “Proqramda nəzərdə tutulan tədbirlərə əsasən  Bakı şəhəri və ətraf yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsi əsas prioritet kimi müəyyən edilib. Bu çərçivədə yeni dairəvi və radial avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının və tunel-tipli yol ötürücülərinin inşası, 10 yeni metro stansiyasının tikintisi və mövcud xətlərin ayrılması nəzərdə tutulur. Eyni zamanda avtobus marşrut şəbəkəsinin optimallaşdırılması, yeni avtobus xətlərinin açılması və xüsusi avtobus zolaqları şəbəkəsinin 160 km-ə çatdırılması, habelə velosiped və kiçik elektrik nəqliyyat vasitələri üçün zolaqların genişləndirilməsi, dayanacaq infrastrukturunun yaradılması və piyada zonalarının artırılması proqramın mühüm komponentləri kimi müəyyən edilib. Sərnişin axınının yüksək olduğu istiqamətlərdə tramvay və sürətli avtobus sistemləri tətbiqi olunacaq ki, bu da fərdi avtomobildən asılılığın azalmasına və yol sahəsindən daha səmərəli istifadəyə şərait yaradacaq. Ümumilikdə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə daha təhlükəsiz, əlçatan, inklüziv və dayanıqlı nəqliyyat sisteminin formalaşdırılmasına yönəlmiş kompleks yanaşmanı əks etdirir. Yol, metro, avtobus, tramvay, piyada və alternativ mobillik həllərinin paralel və əlaqəli şəkildə inkişafı paytaxtın uzunmüddətli iqtisadi rəqabətliliyini artırmaqla yanaşı, sakinlərin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə də mühüm töhfə verəcək. Son  dövrlərdə şəhər mobilliyində baş verən qlobal trendlər, o cümlədən ağıllı nəqliyyat sistemlərinin, müasir işıqforların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrinin genişləndirilməsi, parklanma nəzarəti, ənənəvi taksilərlə yanaşı mobil tətbiqlər vasitəsilə fəaliyyət göstərən taksi sifarişi operatorları və şəhərdaxili nəqliyyatın optimallaşdırılması istiqamətindəki yeniliklər Bakı şəhərində və ətraf ərazilərdə təkmilləşdirilməli olan əsas sahələrə aydın təsir göstərir. Bu trendlərin tətbiqi şəhər nəqliyyatının səmərəliliyini artıraraq tıxacları və yol-nəqliyyat hadisələrini, habelə ekoloji təsirləri minimuma endirəcək, insanların həyat keyfiyyətini yaxşılaşdıracaq.”

Səmərəli, çevik və effektiv

Samir Rəhimov onu da qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər şəhərin dayanıqlı inkişafını təmin etməklə yanaşı, onun beynəlxalq miqyasda rəqabətqabiliyyətini artıracaq, ictimai nəqliyyatın rolunun gücləndirilməsi ilə fərdi nəqliyyat vasitələrindən asılılığın azalmasına və ekoloji cəhətdən təmiz və müasir nəqliyyat həllərinin tətbiqinə şərait yaradacaq: “Eyni zamanda, İntelektual Nəqliyyat Sistemləri (ITS) kimi müasir texnologiyalar yol hərəkətinin idarə edilməsini optimallaşdıracaq, şəhərdaxili və şəhərətrafı əlaqələrin səmərəliliyini artıracaq və nəqliyyat axınlarının idarə edilməsini daha çevik və effektiv edəcək.  Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, şəhər nəqliyyatında tıxacların tamamilə aradan qaldırılması praktiki baxımdan mümkün deyil və bu problem həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə həllini gözləyən aktual məsələlərdən biri kimi yüksək alternativ xərclərlə müşayiət olunur. Bu baxımdan əsas məqsəd tıxacları tam aradan qaldırmaq deyil, şəhərin davamlı inkişafını əngəlləmədən nəqliyyat sisteminin səmərəli və balanslı  şəkildə idarə olunmasını təmin etməkdir.”

Orxan Vahidoğlu, “İki sahil”