06 yanvar 2026 14:29
371

Azərbaycan ilə İordaniya arasında 2025-2027-ci illər üçün İcraedici Əməkdaşlıq Proqramı təsdiqlənib  FƏRMAN

2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025-2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiqlənib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi isə Proqramın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, İcraedici Əməkdaşlıq Proqramı ötən il noyabrın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra imzalanıb.

Bu sənəd Azərbaycan ilə İordaniya arasında elm, təhsil, mədəniyyət, arxeologiya, idman, səhiyyə və media sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradacaq.