06 yanvar 2026 15:00
260

İstanbulda “çirkli pul” əməliyyatı: 68 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhər Baş Prokurorluğu tərəfindən “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” cinayətinin qarşısının alınması məqsədilə Kapalıçarşı ilə bağlı aparılan istintaq çərçivəsində barələrində saxlanılma qərarı verilmiş 80 nəfər şübhəlidən 68-i keçirilən əməliyyatlar nəticəsində tutulub.

Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, Terrorçuluğun Maliyyələşdirilməsinin Qarşısının Alınması və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu tərəfindən “Kapalıçarşı” və “Venüs” işi üzrə 4-cü dalğa əməliyyat həyata keçirilib.

80 şübhəli barədə saxlanılma qərarı verilib

Açıqlamada qeyd olunub ki, davam edən araşdırmalar zamanı “Forex” əməliyyatları, informasiya texnologiyaları vasitəsilə törədilən dələduzluq halları, eləcə də qanunsuz virtual mərc saytlarından əldə edilən vəsaitlərin gizli şirkətlər və fiziki şəxslərin bank hesabları üzərindən qanuni bankçılıq sisteminə daxil edildiyi müəyyən edilib. Həmin vəsaitlərin daha sonra kriptovalyuta şirkətlərinə köçürülərək xaricə çıxarıldığı aşkarlanıb.

İstintaq çərçivəsində ümumilikdə 80 şübhəli barəsində saxlanılma qərarının verildiyi, onların həbsi məqsədilə İstanbul, Adana, Ankara, Bursa, Qaziantep, Şırnak, Şanlıurfa, Osmaniyə, Sakarya, Kayseri, Kırıkkale, Rize, Manisa, Muğla və Samsun vilayətlərində əməliyyatların keçirildiyi bildirilib.

Açıqlamada, həmçinin müəyyən edilən gizli şirkət sahibləri və pul köçürmələrini həyata keçirən şübhəlilərin cinayət tarixindən etibarən əldə etdikləri əmlak olduğu qiymətləndirilən 28 nəqliyyat vasitəsi, 41 daşınmaz əmlak, 11 mənzil və 8 iş yerinin müsadirə edildiyi qeyd olunub.

Baş Prokurorluğun açıqlamasında vurğulanıb ki, istintaq maliyyə təhlükəsizliyinin qorunması, cinayət gəlirlərinin iqtisadi sistemə daxil olmasının qarşısının alınması və təşkilati strukturun bütün aspektləri ilə üzə çıxarılması məqsədilə çoxşaxəli və yüksək dəqiqliklə davam etdirilir.

Orxan Vahidoğlu, “İki sahil”