07 yanvar 2026 00:21
225

Alimlərdən xəbərdarlıq: Diş itkisi yaddaşı zəiflədə bilər

Alimlər müəyyən ediblər ki, diş itkisi qidalanma faktorlarından asılı olmayaraq yaddaşın zəifləməsinə səbəb ola bilər.

Ağız-diş sağlamlığı ilə zehni funksiyalar arasındakı əlaqə uzun müddətdir tədqiqat mövzusu olsa da, bu əlaqənin arxasında dayanan mexanizmlər indiyədək tam şəkildə aydınlaşdırılmamışdı.

Hiroşima Universitetinin tədqiqatçısı Rie Hatakeyamanın sözlərinə görə, diş itkisi yaşlı əhali arasında geniş yayılmış haldır. Lakin onun birbaşa nevroloji təsirləri uzun müddət qeyri-müəyyən olaraq qalıb. Məhz bu səbəbdən alimlər diş itkisinin beynə təsirini araşdırmağa qərar veriblər. Nəticələri “Archives of Oral Biology (Oral Biologiyası Arxivləri)” elmi jurnalında dərc olunan araşdırmada yaşlı siçanlardan ibarət qrupun yarısının üst azı dişləri çıxarılıb. Daha sonra sıçanlar iki qrup üzrə normal və az zülallı pəhrizlə qidalandırılıb. Altı ay sonra həmin siçanlar yaddaş və davranış testlərindən keçirilib, eyni zamanda, onların beyin toxumaları təhlil olunub. Testlərin nəticələri göstərib ki, dişləri çıxarılan siçanlar yaddaşla əlaqəli tapşırıqlarda daha zəif performans nümayiş etdiriblər. Bundan əlavə, diş itkisi olan siçanlarda yaddaşın zəifləməsi eyni qidalanma rejimində olan siçanlar ilə müqayisədə daha kəskin olub. Beyin toxumasının analizləri də bu nəticələri təsdiqləyib.

Araşdırma zamanı müəyyən edilib ki, diş itkisi hipokampusda, yəni yaddaşın formalaşması və saxlanılmasında mühüm rol oynayan beyin nahiyələrində iltihab proseslərinə və hüceyrə itkisinə səbəb olur. Az zülallı qidalanmanın təsiri isə yalnız müəyyən zehni funksiyalar ilə məhdudlaşıb. Alimlər vurğulayırlar ki, müşahidə edilən zehni geriləmələrin əsas səbəbi zülal çatışmazlığı deyil, bu, birbaşa diş itkisi ilə bağlıdır.

Mümkün izahlardan biri dişlərin trigeminal sinir vasitəsilə beyinlə əlaqədə olmasıdır. Çeynəmə prosesi zamanı bu sinir diqqət, öyrənmə və yaddaşa cavabdeh olan beyin mərkəzlərinə siqnallar ötürür. Diş itkisi isə bu sinir siqnallarını zəiflədərək beyin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Tədqiqat hələ insanlarda aparılmadığı üçün diş itkisi ilə demensiya arasında birbaşa əlaqə barədə qəti nəticə çıxarmaq mümkün deyil. Bununla belə, alimlər qeyd edirlər ki, dişlərə düzgün qulluq və çeynəmə qabiliyyətinin yaxşılaşdırılması yaşlılıq dövründə zehni sağlamlığın qorunmasına töhfə verə bilər.

Rie Hatakeyama bildirib ki, bu araşdırmada əsas məqsəd protez diş müalicəsi vasitəsilə çeynəmə funksiyasının qorunmasının və ya bərpasının yaşlı insanlarda zehni zəifləmənin qarşısını ala biləcəyini  və ya bu prosesi ləngidə biləcəyini elmi şəkildə sübut etməkdir.

Şahnigar Əhmədova, “İki sahil”