Məlum olduğu kimi, hər bir ölkənin özünəməxsus mədəniyyəti və qanunları var. Dünyanın müxtəlif ölkələrində qüvvədə olan bəzi qanunlar gündəlik həyatın ən adi anlarını belə cərimə və ya qadağa ilə tənzimləyir. Bu qanunlar bəzən o qədər qeyri-adi görünür ki, oxuyanları heyrətə salır. Dünyanın ən qəribə qanunlarından bəziləri bunlardır:
Milanda qaşqabaqlı olmaq qadağandır

İtaliyanın Milan şəhərində dəfn mərasimləri və xəstə ziyarətləri istisna olmaqla, insanların ictimai yerlərdə gülümsəməsini tələb edən köhnə qanun mövcuddur. Qanun praktiki olaraq tətbiq edilməsə də, rəsmi fotoşəkillərdə gülümsəmək tövsiyə olunur.
Yaponiyada artıq çəki qanunla tənzimlənir
“Metabo Qanunu”na əsasən, 40-74 yaş arası şəxslərin bel ətrafı hər il ölçülür. Normadan artıq olduqda, onlar dietoloqlara yönləndirilirlər.
Venesiyada göyərçin saxlamaq qadağandır
Tarixi abidələri qorumaq məqsədilə Venesiyanın San Marko meydanı başda olmaqla, göyərçinləri yemləmək və quş yemi satmaq qadağandır.
Sinqapurda saqqız çeynəmək olmaz
1992-ci ildən etibarən Sinqapurda saqqızın satışı və çeynənməsi qadağandır. Burada yalnız tibbi məqsədli saqqızlara istisna edilir.
Kanadada xırda pulla ödəniş limiti var
Kanadada bir alış-veriş zamanı ən çox 25 ədəd 1 dollarlıq metal puldan istifadə etməyə icazə verilir.
Norveçin Lonqyirbyuen şəhərində ölmək qadağandır
Torpağın daimi donmuş vəziyyətdə olması səbəbindən burada ölmüş insanları dəfn etmək mümkün deyil. Bu şəhərdə ölüm riski olan şəxslər materikə göndərilir.
Fransada məzar yeri qeydiyyatı olmadan ölmək olmaz
Fransanın Sarpurenx adlı kəndində qəbiristanlıqda yer çatışmazlığı səbəbindən əvvəlcədən məzar yeri almadan “ölmək” qanunla qadağan edilib.
Şotlandiyada qəribə qonaqpərvərlik qanunu
Şotlandiyada tualetdən istifadə etmək istəyən yad şəxs qapınızı döyərsə, onu içəri buraxmaq hüquqi öhdəlik sayılır.
Danimarkada körpələrin adlarına dövlət nəzarəti var
Bu ölkədə valideynlər yalnız əvvəlcədən təsdiqlənmiş 7 min adlıq siyahıdan seçim edə bilər. Siyahıdankənar adlar üçün xüsusi icazə tələb olunur.
İtaliyada hər gün itinizi gəzdirməlisiniz
İtaliyanın Turin şəhərində it sahibləri ev heyvanlarını gündə ən azı bir dəfə gəzdirməlidirlər. Qaydanı pozanlara 500 avroyadək cərimə tətbiq edilir. Bununla yanaşı, itlərin tüklərinin boyanması ilə bağlı da müxtəlif məhdudiyyətlər mövcuddur.
Rusiyada çirkli avtomobil sürmək qadağandır
Rusiyada yollarda həddindən artıq çirkli avtomobillə hərəkət etmək hörmətsizlik əlaməti sayılır və cərimə ilə nəticələnir.
Birləşmiş Ərəb Əmirliklərində söyüş söydünsə ya cərimə ödəməli, ya da həbsə getməlisən
Burada ictimai yerlərdə və sosial şəbəkələrdə nalayiq ifadələrdən istifadı etmək cəriməyə və ya həbs cəzasına səbəb ola bilər.
Şahnigar Əhmədova, “İki sahil”