ABŞ qüvvələri Atlantik okeanı üzərindən Rusiya bayrağı altında Avropaya doğru hərəkət edən neft tankerini ələ keçirmək üçün tədbir görə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata görə, iki ABŞ rəsmisi telekanala bildirib ki, Amerika qüvvələri tarixən Venesuela xam neftini daşıyan və hazırda Şotlandiya ilə İslandiya arasında olduğu güman edilən gəmiyə müdaxilə etməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Trump ötən ay Venesuelaya daxil olan və ölkədən çıxan sanksiyalı neft tankerlərinə qarşı blokada əmri verdiyini açıqlamışdı. Venesuela hökuməti isə bu addımı oğurluq kimi qiymətləndirmişdi.
Tramp Venesuelanın keçmiş lideri Nikolas Maduronun ələ keçirilməsi ərəfəsində Venesuela hakimiyyətini dəfələrlə gəmilərdən istifadə edərək narkotik maddələrin ABŞ sahillərinə daşınmasında ittiham edib. ABŞ sahil mühafizəsi ötən ay Karib hövzəsində, Venesuelaya doğru hərəkət etdiyi güman edilən “Bella 1” adlı tankeri ələ keçirməyə cəhd göstərmişdi. Gəminin ABŞ sanksiyalarını pozduğu və İran neftini daşıdığı iddiası ilə onun müsadirəsi üçün məhkəmə qərarı da əldə olunmuşdu. Lakin tanker sonradan kursunu kəskin şəkildə dəyişərək adını “Marinera” olaraq dəyişib və məlumatlara görə, Qayana bayrağından Rus bayrağına keçirilib. Tankerin Avropaya yaxınlaşması ilə eyni vaxtda Böyük Britaniyaya təxminən 10 ABŞ hərbi-nəqliyyat təyyarəsi və helikopterlərin gəlməsi diqqət çəkib. Rusiya tərəfi isə gəmi ətrafında baş verənləri narahatlıqla izlədiyini bəyan edib.
“CBS News”in məlumatına görə, ABŞ rəsmiləri tankerin batırılmasındansa ələ keçirilməsinə üstünlük verildiyini bildiriblər. “Marinera”nın Şotlandiya ilə İslandiya arasında olduğu ehtimal edilir və məsafə ilə hava şəraiti gəminin ələ keçirilməsini çətinləşdirir.
Əgər hər hansı ABŞ hərbi əməliyyatı Böyük Britaniya ərazisindən həyata keçirilərsə, Vaşinqtonun bu barədə müttəfiqinə məlumat verməsi gözlənilir. Böyük Britaniyanın Müdafiə Nazirliyi isə digər ölkələrin hərbi fəaliyyətləri ilə bağlı şərh verməkdən imtina edib.
Çin hakerləri ABŞ Konqresi əməkdaşlarının elektron poçtlarının parolunu sındırıblar
İslamabad və Ər-Riyad JF-17 qırıcılarının alınması ilə bağlı müqaviləni müzakirə edirlər