07 yanvar 2026 08:17
150

ABŞ və Argentina Venesuelaya qarşı ABŞ əməliyyatını müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio və Argentinanın xarici işlər naziri Pablo Kirno çərşənbə axşamı telefon danışığı zamanı Vaşinqtonun Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatı müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqottun yazılı bəyanatında bildirilib.

Bəyanata əsasən, Marko Rubio söhbət zamanı ABŞ-nin Venesuelaya qarşı atdığı addımlar barədə məlumat verib və bu fəaliyyəti “hüquq-mühafizə sahəsində dəqiq əməliyyat” kimi qiymətləndirib. O, həmçinin Argentinanın narkoterrorizmə qarşı mübarizədə və regionda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davamlı əməkdaşlığına görə Pablo Kirnoya təşəkkür edib.

Tommi Piqottun sözlərinə görə, Marko Rubio həmin gün Belçikanın Baş nazir müavini və xarici işlər naziri Maksim Prevo ilə keçirdiyi görüşdə də Venesueladakı vəziyyəti müzakirə edib. Görüş zamanı tərəflər narkotiklərin yayılmasına qarşı mübarizədə əməkdaşlığın əhəmiyyəti, eləcə də Qəzza zolağı ilə bağlı sülh danışıqlarının gedişi ətrafında fikir mübadiləsi aparıblar.