07 yanvar 2026 16:50
573

Uğurlu enerji diplomatiyası: Azərbaycanın təbii qazı daha iki Avropa ölkəsinə nəql olunacaq

İlham Şaban: Genişlənən qaz ixracı Azərbaycanın strateji tərəfdaş statusunu möhkəmləndirir

Azərbaycanın enerji siyasəti son illər ərzində qaz hasilatının artırılması, ixrac marşrutlarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. “Şahdəniz”, “Abşeron” və “Babək” kimi strateji yataqlarda yeni hasilat mərhələlərinin icrası ölkənin təbii qaz ehtiyatlarından səmərəli istifadə olunmasına və uzunmüddətli ixrac imkanlarının formalaşmasına şərait yaradır. Bununla yanaşı, bərpaolunan enerji resurslarının artırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələr daxili bazarda qaz istehlakının optimallaşdırılmasına imkan verərək ki, bu da ixrac üçün əlavə təbii qaz həcmlərinin artılmasını təmin edir.

İxrac coğrafiyamız mərhələli şəkildə genişləndirilir

Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Azərbaycan qazının Avropa və region bazarlarına fasiləsiz və etibarlı şəkildə çatdırılmasını təmin edir. Hazırda bu dəhliz vasitəsilə bir sıra Avropa ölkələri də daxil olmaqla geniş coğrafiyada təchizat həyata keçirilir. İxrac coğrafiyasının mərhələli şəkildə genişlənməsi Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqelərini möhkəmləndirməklə yanaşı, onu regional və qlobal miqyasda etibarlı enerji tərəfdaşı kimi tanıdır. Bu baxımdan Azərbaycanın yeni ixrac bazarlarına çıxışı və enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Suriyaya qaz ixracının başlanması yalnız iqtisadi əməkdaşlığın inkişafı baxımından deyil, eyni zamanda, regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və sosial-iqtisadi sabitliyin dəstəklənməsi baxımından mühüm strateji addım kimi qiymətləndirilir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Dövlətimizin başçısının müəyyən etdiyi ölkənin enerji strategiyası qaz hasilatını və ixracı sistemli şəkildə artırmaq üzərində qurulub, bərpaolunan enerji mənbələrinin istifadəsi daxili istehlakı azaldaraq ixrac üçün əlavə qaz həcmi yaradır. “Şahdəniz”, “Abşeron” və “Babək” yataqlarından yeni hasilat mərhələlərinin başlanması ixrac potensialını yüksəldir, qaz dəhlizləri vasitəsilə artıq 16 ölkəyə təchizat həyata keçirilir.

Azərbaycan Xəzər hövzəsi regionunu Avropanın böyük və perspektivli bazarları ilə birləşdirir

Enerji məsələləri üzrə ekspert İlham Şaban mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycanın təbii qaz ixracı son illərdə ardıcıl artım nümayiş etdirir: “Bu dinamik prosesin əsas mərhələsi 2018-ci ildə “Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə başlanıb. Məhz bu layihə nəticəsində 2022-ci ildə təkcə “Şahdəniz-2” yatağından 16 milyard kubmetr qaz hasil edilib. 2025-ci il üçün isə “Şahdəniz” layihəsi çərçivəsində ümumilikdə 28 milyard kubmetr qaz hasilatının gerçəkləşəcəyi proqnozlaşdırılır. Yaxın günlərdə rəsmi statistik məlumatlar açıqlandıqdan sonra bu nailiyyətin rəsmən təsdiqlənəcəyinin şahidi olacağıq. Eyni zamanda, Azərbaycanın enerji strategiyası sayəsində Xəzər hövzəsi kimi qapalı bir region Avropanın böyük və perspektivli bazarları ilə birləşdirilib. Bu isə təkcə “Şahdəniz” qazının deyil, digər yataqlardan hasil olunan təbii qazın da ixracına imkan yaradıb. Beləliklə, ölkəmiz bu enerji resurslarını uğurla kapitala çevirmək imkanı qazanıb.”

Regional və qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş

İlham Şaban xatırladıb ki, 2020-ci ilin sonunadək Azərbaycan qazı yalnız iki ölkəyə – Gürcüstana və Türkiyəyə ixrac olunurdu: “Lakin həmin ilin dekabrında, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra Azərbaycanın təbii qazı Avropanın Yunanıstan və İtaliya bazarlarına daxil oldu. 2022-ci ildən etibarən Bolqarıstan da bu siyahıya qoşuldu və bu gün Azərbaycan qazı artıq Avropanın 11 ölkəsinə nəql olunur. 2025-ci ilin avqust ayının 2-dən isə ilk dəfə olaraq kardinal dəyişikliklər edilərək Suriyaya qaz ixracına başlanılıb. Suriyaya qaz ixracı bu ölkədə elektrik enerjisi təminatının yaxşılaşdırılmasına töhfə verməklə yanaşı, regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadi sabitliyin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla da Azərbaycanın sabit qaz təchizatı imkanları olan ölkələrin sayı 14-ə çatıb. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cari ildə daha iki Avropa ölkəsi Azərbaycanın qaz ixrac coğrafiyasına daxil olacaq. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də regional və qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Dünyanın müxtəlif regionlarında Azərbaycanın qazına artan tələbat və etimad ölkəmizin enerji siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir.”

Hasilat 50,8 milyard kubmetr, ixrac isə 25,2 milyard kubmetr olub

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın təbii qazı regionda enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi inkişafın dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır, ölkənin etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirir. Qeyd etmək yerinə düşər ki, 2025-ci ildə Azərbaycanın qaz hasilatı 50,8 milyard kubmetr, ixrac isə 25,2 milyard kubmetr olub. Hasil olunan təbii qazın 2026-cı ildən Almaniya və Avstriyaya ixracına başlanılacaq. Beləliklə qaz alan ölkələrin sayı 16-ya çatacaq. “Abşeron” layihəsi çərçivəsində 2029-cu ildə əlavə 4,3 milyard kubmetr qaz hasilatı planlaşdırılır.

Azərbaycanın təbii qaz sektorunda həyata keçirdiyi ardıcıl siyasət uzunmüddətli strateji məqsədlərə xidmət edir. “Abşeron” layihəsi çərçivəsində əlavə qaz hasilatının planlaşdırılması ölkənin ixrac potensialının gələcək dövrdə də artacağını göstərir. Yeni bazarlara çıxışın genişləndirilməsi, o cümlədən Suriyaya qaz tədarükünün həyata keçirilməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, regional enerji təhlükəsizliyinin və iqtisadi inkişafın təmininə töhfə verir.

Orxan Vahidoğlu, “İki sahil”