Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində təsis edilən "Mebel sənayesi məhsulları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) növbəti onlayn iclası keçirilib.
"İki sahil" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, İclasda AZSTAND nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Azərbaycan Mebel İstehsalçıları Assosasiyası" İctimai Birliyi və digər müəssisələrin nümayəndələri iştirak ediblər.
İclas zamanı AZSTAND/TK 14-ün sədri Sehranə Rzayeva sözügedən Texniki Komitənin yaradılma məqsədi, fəaliyyət istiqamətləri və funksiyaları haqqında məlumat verib. Sahibkarlıq subyektlərinin texniki komitənin fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planı əsasında qəbul edilməsi nəzərdə tutulan qatlanan mebellərin təhlükəsiziliyi, mebeldə istifadə olunan parça, dəri və digər materiallara dair dövlət standartı layihələrindən bəhs olunub və qəbulu məqsədilə AZSTAND-a təqdim olunması qərara alınıb.
"Mebel sənayesi məhsulları" (AZSTAND/TK 14) standartlaşdırma üzrə Texniki Komitə mebel sənayesi sahəsi üzrə standartlaşdırma işinin təşkili və maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb.