İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Polşanın Krakov şəhərində Milli Luis Universitetində "Yeni üfüqlər: Rəqəmsal iqtisadiyyat və dəyişən dünyaya cavablar" mövzusundakı keçiriləcək konfransda təqdimatla çıxış edəcək.
“İki sahil” xəbər verir ki, o bu konfransda yeddi ölkənin nüfuzlu universitetlərinin nümayəndlərinə portal barədə məlumatlar verəcək.
Qeyd edək ki, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseynlə “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun həmmüəllifi olduğu və portalın fəaliyyətindən bəhs edən “Digital Trade, Government Policy, and Economic Growth: The Case of Azerbaijan” (“Rəqəmsal ticarət, hökumət siyasəti və iqtisadi artım: Azərbaycan nümunəsi”) adlı məqalə konfransa təqdim edilib və uğurlu nümunə kimi qəbul olunub. Belə ki, konfransın təşkilat komitəsi "Süni intelekt əsrində yeni iqtisadiyyat: imkanlar, risklər və cəmiyyətin transformasiyası" adlı panel müzakirəsində “Azexport” təcrübəsinin iştirakçılara təqdim edilməsinə qərar verib və müəlliflərə dəvət məktubu göndərib.
Konfransa təqdim olunan məqalədə “Azexport” portalının təqdim etdiyi imkanlardan, ölkəmizdə rəqəmsal ticarətin inkişafı istiqamətində fəaliyyətdən, xüsusən də yerli istehsal olunan malların ixracının asanlaşdırılmasında sözügedən portalın oynadığı roldan bəhs edilir.
Qeyd edək ki, konfransın əsas təşkilatçıları Polşanın, Bosniya və Herseqovinanın, Portuqaliyanın, Ukraynanın, Bolqarıstanın, Monteneqronun, Sloveniyanın və Serbiyanın nüfuzlu universitet və elmi tədqiqat qurumlarıdır.