Azərbaycan son illərdə turizm sahəsində təkcə regional deyil, beynəlxalq miqyasda da diqqət çəkən inkişaf mərhələsinə qədəm qoyub. Təhlükəsizlik və sabitliyin təmin olunması, zəngin təbiət və mədəni irsin müasir infrastruktur və qlobal tədbirlərlə uzlaşdırılması ölkəni müxtəlif turizm seqmentləri üzrə rəqabətqabiliyyətli destinasiyaya çevirir. Beynəlxalq tədbirlər, iri musiqi və mədəni festivallar - Azərbaycanın həm maraqlı turizm istiqaməti, həm də yüksək səviyyəli qlobal tədbirləri qəbul edə bilən etibarlı platforma kimi tanınmasına xidmət edir.
Paytaxt Bakı ilə yanaşı, regionlar və azad edilmiş ərazilər də yeni turizm xəritəsinin əsas dayaqlarına çevrilir; qış, yay, ekoloji, sağlamlıq və biznes turizmi üzrə potensial isə ardıcıl şəkildə genişlənir. Rəqəmlər və həyata keçirilən iri layihələr göstərir ki, Azərbaycan turizmi artıq təsadüfi təşəbbüslər mərhələsini geridə qoyaraq planlı, strateji və dayanıqlı inkişaf modelinə doğru irəliləyir.
Azərbaycan turizminin beynəlxalq arenada vahid və güclü brend kimi möhkəmlənməsi üçün hansı strateji prioritetlər önə çəkilməlidir?
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycan turizmi bu gün inkişafın yeni mərhələsinə daxil olub: ”Təhlükəsizlik və sabitlik fonunda beynəlxalq tədbirlər, iri miqyaslı layihələr və azad edilmiş ərazilərdə aparılan sistemli quruculuq işləri ölkənin turizm xəritəsini faktiki olaraq yenidən formalaşdırır”.
Əsas məsələ bu imkanları vahid və aydın qlobal brend strategiyası çərçivəsində təqdim etməkdir
S.Dübəndinin sözlərinə görə, əsas məsələ bu imkanları ayrı-ayrı təşəbbüslər kimi deyil, vahid və aydın qlobal brend strategiyası çərçivəsində təqdim etməkdir: “Son illər Formula 1 kimi və digər idman tədbirləri, böyük konsert və festivallar göstərdi ki, Azərbaycan təkcə maraqlı istiqamət deyil, həm də beynəlxalq səviyyəli tədbirləri qəbul edə bilən etibarlı plaatforma yaradan destinasiyadır. Bu, xüsusilə MICE – biznes və tədbir turizmi üçün ciddi üstünlükdür. Konqreslər, forumlar, korporativ tədbirlər turizmdə mövsüm asılılığını azaldır və yüksək xərcləmə edən auditoriyanı cəlb edir.Bakı ilə yanaşı regionlarda da bu potensial mərhələli şəkildə formalaşdırılmalıdır.
Həmsöhbətimiz bildirdi ki, yaşıl və ekoloji yönümlü turizm artıq alternativ deyil, qlobal trenddir: “Milli parklar, kənd və aqroturizm marşrutları, ekoloji standartlara cavab verən hotellər, alternativ enerji ilə işləyən komplekslər Azərbaycanın beynəlxalq imicinə əlavə dəyər qatır. Bu yanaşma həm təbiətin qorunmasına, həm də yerli icmaların iqtisadi fəallaşmasına xidmət edir”.
Turist bu gün yalnız istirahət yox...
Samir Dübəndi vurğuladı ki, turist bu gün yalnız istirahət yox, məsuliyyətli və mənalı təcrübə axtarır: “Bu kontekstdə Naxçıvan Muxtar Respublikası xüsusi yer tutur. Naxçıvanın dağ və iqlim resursları, sağlamlıq və mədəni turizm imkanları, kənd turizmi üçün əlverişli mühiti onu gələcəkdə Azərbaycanın fərqləndirici istiqamətlərindən birinə çevirə bilər. Eyni yanaşma Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran və Gəncə-Göygöl bölgələrinə də aiddir. Regionların hər biri öz “unikal hekayəsi” ilə qlobal bazara çıxa bilər. Azad edilmiş ərazilərdə turizmin inkişafı isə təkcə iqtisadi deyil, strateji və simvolik əhəmiyyət daşıyır. Burada məqsəd kütləvi turizm yox, planlı, təhlükəsiz və ekoloji balansı qoruyan model qurmaqdır. Qış turizmi üzrə Şahdağ və Tufandağ təcrübəsi göstərir ki, düzgün planlama ilə dağ turizmi beynəlxalq bazarda rəqabətqabiliyyətli ola bilər.
Nəticə olaraq, Azərbaycan turizminin qlobal brend kimi güclənməsi üçün əsas prioritetlər aydındır: məhsulların düzgün paketlənməsi, yaşıl və dayanıqlı yanaşma, MICE turizminin genişləndirilməsi, regionların aktiv inteqrasiyası və keyfiyyət standartlarının yüksəldilməsi. Bu istiqamətlər paralel və ardıcıl icra olunduqda, Azərbaycan yaxın illərdə regionun deyil, daha geniş coğrafiyanın turizm mərkəzlərindən birinə çevrilə bilər”.
Yaqut Ağaşahqızı, “İki sahil”