09 yanvar 2026 11:16
285

Enerji siyasəti Türkiyənin əsas strateji hədəfidir - NAZİR ÇAĞIRIŞ EDİB

Alparslan Bayraktar İstanbulda keçirilən Ümraniyə Gənclik Görüşündə Türkiyənin enerji vizyonunu açıqlayıb, gənclərə çağırış edib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda Ümraniyə Bələdiyyəsinin Gənclik Məclisi tərəfindən təşkil olunan “Ümraniyə Gənclik Görüşü” proqramında gənclərlə bir araya gəlib.

Nazirliyin yaydığı məlumata görə, Alparslan Bayraktar çıxışı zamanı Türkiyənin enerji sahəsində həyata keçirdiyi strateji layihələrdən danışıb, ölkənin enerji müstəqilliyinin təmin olunmasının əsas prioritetlərdən biri olduğunu bildirib.

Gabar bölgəsində hər il iqtisadi dəyəri 2 milyard dollar olan neft hasil edilir

Nazir qeyd edib ki, Türkiyə öz gəmiləri və milli insan resursları hesabına neft və təbii qazın kəşfiyyatı və hasilatını həyata keçirməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə gecə-gündüz ardıcıl fəaliyyət göstərilir. Onun sözlərinə görə, vaxtilə təhlükəsizlik problemləri ilə yadda qalan Gabar bölgəsində bu gün minlərlə insan, o cümlədən gənclər çalışır və hər il iqtisadi dəyəri 2 milyard dollar olan neft hasil edilir.

Türkiyə tezliklə Somalidə qazma işlərinə başlayacaq

Alparslan Bayraktar Qara dənizdə 2 min 100 metr dəniz dərinliyində aşkar edilən təbii qazın 170 kilometr məsafədən sahilə çatdırıldığını və artıq əhalinin istifadəsinə verildiyini vurğulayıb. O, yaxın vaxtlarda Somalidə də qazma işlərinə başlanılacağını diqqətə çatdırıb.

Türkiyənin enerji strategiyasına toxunan nazir ölkədə günəş, külək, geotermal, kömür və nüvə enerjisi də daxil olmaqla bütün enerji mənbələrindən səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.

Nazir çıxışında gənclərə müraciət edərək bildirib ki, həyatın hər mərhələsində müxtəlif sınaqlar mövcuddur və əsas məsələ bu sınaqlardan qorxmamaq, əzmlə çalışmaq və məsuliyyəti üzərinə götürməkdir. Alparslan Bayraktar daha aydın gələcək naminə gənclərin üzərinə böyük ümidlərin bəsləndiyini vurğulayıb və gələcəkdə bu yolu onların daha da irəli aparacağına əminliyini ifadə edib.

Orxan Vahidoğlu, “İki sahil”