09 yanvar 2026 11:02
421

ÖTƏN UĞURLU İLDƏN YENİ HƏDƏFLƏRƏ DOĞRU

Yola saldığımız 2025-ci il Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) fəaliyyətində uğurlu layihələr, silsilə tədbir və təqdimatlarla yadda qalıb. İlin əvvəlindən həyata keçirilən bir sıra layihələr davam etdirilib, mədəniyyət sahəsinin inkişafına xidmət edən və MEMİM-in əsas fəaliyyət istiqamətlərindən olan müxtəlif ixtisaslar üzrə ustad dərsləri və təlimlər keçirilib. İlin ikinci yarısında reallaşan layihə və tədbirlərdən bəzilərinə qısa şəkildə nəzər salmaq istərdik.

Məlum olduğu kimi, ötən il dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd edildi. MEMİM tərəfindən də görkəmli musiqi xadiminin əbədiyaşar irsinin təbliği məqsədilə müxtəlif səpkili tədbir və layihələr həyata keçirildi.

“Sənət inciləri”: silsilə mühazirə-konsertlər

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilib. Festival çərçivəsində MEMİM tərəfindən 19-24 sentyabr tarixlərində təşkil edilən “Sənət inciləri” adlı silsilə mühazirə-konsertlər həm ənənəvi layihəyə rəng qatıb, həm də dahi bəstəkarın 140 illik yubileyinə əhəmiyyətli töhfə olub. 

Festivalın proqramına uyğun olaraq, mühazirə-konsertlərin birincisi Azərbaycan Dillər Universitetində təşkil edilib və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Üzeyir Hacıbəylinin yaradıcılığında elmi və pedaqoji fəaliyyət” mövzusunda mühazirəsi dinlənilib. Bakı Dövlət Universitetində keçirilən növbəti tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundovanın “Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında rolu” mövzusunda mühazirəsi təqdim edilib. Mühazirə-konsertlərin sonuncusu isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunub. Bu tədbirdə iştirakçılar sənətşünaslıq üzrə fəlsəfə doktoru, MEMİM-in şöbə müdiri Cəmilə Mirzəyevanın “Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin tətbiqi” mövzusunda mühazirəsini dinləyiblər.

Hər üç ali məktəbdə təşkil edilən mühazirələrdən sonra konsert proqramları təqdim olunub. Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu, Qərbi Kaspi Universitetinin xor kollektivi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış ediblər.

140 illik yubileyə töhfə – 12 ixtisas üzrə ustad dərsləri

MEMİM-in Üzeyir Hacıbəylinin 140 illiyinə daha bir töhfəsi 8-18 oktyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün təşkil edilən ustad dərsləri olub.

Tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs – ümumilikdə 12 ixtisası əhatə edən ustad dərsləri musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarına uyğun qurulması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə həyata keçirilib. Bakı, Xırdalan və Sumqayıt şəhərlərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təşkil olunan ustad dərslərində yüzlərlə şagird və müəllim iştirak edib. Sahə üzrə tanınmış mütəxəssislər şagird və müəllimlərə müvafiq tövsiyələrini veriblər.

***

Dekabr ayında mərkəzin təşkilatçılığı ilə Mingəçevir və Yevlax şəhərlərində keçirilən ustad dərsləri də dahi bəstəkarın yubileyinə həsr olunub. Fortepiano, tar, qarmon və xanəndəlik ixtisaslarını əhatə edən ustad dərsləri Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşıb.

Dekabrın 15-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində keçirilən tar və fortepiano ixtisası üzrə, ayın 22-də isə Yevlax şəhər 1 nömrəli musiqi məktəbində qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil olunub. Ustad dərslərində regional idarənin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Dirçələn torpaqlarda “Mədəniyyət rüzgarı”

İşğaldan azad olunmuş Qarabağda – sürətlə dirçəldilən torpaqlarda mədəni mühitin bərpası da diqqətdə saxlanılır. MEMİM-in təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” adı altında silsilə tədbirlər keçirilib. Özündə mədəniyyətin bir neçə sahəsi üzrə tədbirləri birləşdirən layihə Qarabağ bölgəsinin beş şəhərini (Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xankəndi) əhatə edib. Belə ki, mərkəzin “Sənətkarın dostu” layihəsi üzrə Qarabağ Universiteti İncəsənət fakültəsinin dəstəyi ilə bu təhsil ocağında xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovla, Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində isə Xalq artisti, xanəndə, pedaqoq Mənsum İbrahimovla görüş keçirilib.

***

Qarabağ Universitetində “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar da təşkil olunub. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadənin “Üzeyir Hacıbəyli dühası XXI əsrin mədəniyyət güzgüsündə”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəslinin isə “Üzeyir Hacıbəyli və musiqi pedaqogikası” mövzularında məruzələri dinlənilib.

***

Ağdam və Füzuli Dövlət Dram teatrlarında “Regionlarda peşəkar teatr dərsləri” adı altında ustad dərsləri təşkil olunub. Ağdam teatrındakı ustad dərsi Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb. Füzuli teatrında təşkil olunan ustad dərsi isə rejissor-aktyor Ceyhun Dadaşovla D.Yusifin iştirakı ilə gerçəkləşib.

***

Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən “Rəqəmsal kitabxana xidmətləri” mövzusunda təlim də “Mədəniyyət rüzgarı”nın yaddaqalan tədbirlərindən olub. Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə keçirilən təlim kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və oxucularla işin düzgün qurulması məqsədilə təşkil olunub. Bərdə və ətraf rayonlardan kitabxana əməkdaşlarının iştirak etdiyi təlim Milli Kitabxananın Elektron kitabxana şöbəsinin baş kitabxanaçısı Vüsalə Şükürova tərəfindən aparılıb.

***

Layihə çərçivəsində həmçinin Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti, professor Zəhra Quliyevanın iştirakı ilə violin, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində MEMİM-in əməkdaşı, Əməkdar artist Neymət Mürsəlovun iştirakı ilə tar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Kəngərli tərəfindən isə fortepiano ixtisası ilə bağlı ustad dərsləri keçirilib.

Qarabağ bölgəsində reallaşdırılan “Mədəniyyət rüzgarı” layihəsi dövlətimiz tərəfindən yenidən qurulan yurd yerlərimizə qayıdan vətəndaşlarımızın mədəni istirahətinə və estetik zövqünün zənginləşməsinə, bütövlükdə sənət mühitinin canlanmasına, az da olsa, töhfə verib.

İncəsənətdə vətənpərvərlik

2025-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü tamam oldu. MEMİM tərəfindən noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar keçirilib. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşıb.

Qonaqlar əvvəlcə Dövlət Rəsm Qalereyası tərəfindən Muğam Mərkəzinin foyesində Zəfərimizin 5-ci ildönümü münasibətilə təşkil edilən rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev açılış nitqi söyləyiblər. Əməkdar incəsənət xadimləri – professor Elnarə Dadaşovanın “Musiqidə vətənpərvərlik”, şair Baba Vəziroğlunun “Vətən sevgisi sözün qüdrəti ilə”, kinorejissor Ayaz Salayevin “Azərbaycan kino səltənətinin qəhrəmanlıq salnaməsi”, Əməkdar artist, professor Azad Şükürovun “Vətənpərvərlik ruhu teatr səhnəsində” və mərkəzin əməkdaşı, qazi, teatrşünas Dağlar Yusifin “Sənət və cəbhə arasında” mövzularında məruzələri dinlənilib.

Seminarın gedişində vətənpərvərlik ruhlu musiqi nömrələri təqdim olunub.

Attestasiyanın nəticələri ilə bağlı təlimlər

Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəblərinin pedaqoji heyəti üçün keçirilən attestasiyanın nəticələrinə əsasən müəllimlər üçün təlimlərin ikinci mərhələsi təşkil olunub.

MEMİM-in təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə avqustun 18-də start verilən təlimlər iki ay davam edib. Fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndə və nağara ixtisaslarını əhatə edən təlimlərə 70-dən çox müəllim qatılıb.

Pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən aparılan təlimlər fərdi və qrup metodları, interaktiv modellər və müasir təhsil texnologiyaları tətbiq edilməklə həyata keçirilib.

***

Sentyabrın 12-də təlimlərin üçüncü mərhələsi başlanıb və bir ay davam edib. Xor dirijorluğu, vokal, violin, klarnet, fleyta və rəssamlıq ixtisasları üzrə 40-а yaxın müəllimin cəlb olunduğu təlimlər pedaqoji təcrübəyə malik ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən aparılıb.

Xatırladaq ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesində komissiya tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən ümumilikdə 200-ə yaxın müəllim təlimlərə cəlb olunub və onlara xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb.

Bundan əlavə, paytaxt və bölgələrdə fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərindən daxil olmuş 100-dək sorğu MEMİM-in əməkdaşları tərəfindən cavablandırılıb, müvafiq metodiki tövsiyələr verilib.

Təhsilverənlər üçün maarifləndirici görüşlər

Mərkəz tərəfindən noyabr ayında Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin təhsilverənləri üçün məlumatlandırıcı görüşlər keçirilib. Görüşlər Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsili üzrə keyfiyyətin yüksəldilməsi və təhsilverənlərin peşə səriştəsinin artırılması məqsədilə həyata keçirilən attestasiya prosesi ilə bağlı təşkil olunub.

Tədbirlər çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə attestasiyanın mahiyyəti və hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə sahə və tematik mövzular, eləcə də nəzəri və praktiki məsələlər ətraflı şəkildə izah edilib və müzakirə olunub.

Bölgələrdə teatrın təbliği prioritetdir...

MEMİM tərəfindən 2024-cü ildən həyata keçirilən, Azərbaycan teatrının inkişafına dəstək göstərmək, müasir beynəlxalq sənət tendensiyalarının teatra tətbiqi, bu sahəyə marağın artırılması, eləcə də nəsillər arasında təcrübə mübadiləsi məqsədi daşıyan “Nəsildən nəslə teatr” layihəsi maraqlı görüşlərlə yadda qalıb.

Layihə üzrə növbəti seminar iyul ayında Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində təşkil olunub. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən və “Aktyor sənəti: ənənə və müasirlik dilemması” mövzusuna həsr edilən seminarda Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev iştirak edib.

Aktyor sənət yolu haqqında söz açıb, teatr və tamaşaçı münasibətləri barədə fikirlərini bölüşüb. O, aktyor sənətinin sirləri, yaradıcılıq imkanları, tamaşaçı marağı, sənətdə klassik ənənələr və müasir baxış kimi məsələlərdən də bəhs edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

***

Ötən dövrdə MEMİM-in böyük rəğbət doğuran və səhnə sənətinə peşəkar yanaşmaları ehtiva edən “Regionlarda peşəkar teatr dərsləri” layihəsi də uğurla davam etdirilib. Layihə çərçivəsində 24-30 noyabr tarixlərində Mingəçevir Dövlət Dram Teatrında ustad dərsləri keçirilib. Layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı mühitin canlandırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi məqsədi daşıyır. Ustad dərsləri Əməkdar artist, aktyor Qasım Nağı və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.

Ustad dərsləri zamanı repertuar seçimi, müəllif qayəsi və aktyor oyunu, səhnə mədəniyyəti və s. məsələlərə toxunulub, eləcə də bir sıra səhnə hərəkətləri real icra olunub.

Aktyor sənətinə maraq göstərənlər üçün...

MEMİM və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi azyaşlı, yeniyetmə və gənclərdə teatr, eləcə də kino sənətinə marağın artırılması, bədii zövqün formalaşması, eyni zamanda aktyorluq sənəti üzrə ilkin biliklərin onlara öyrədilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində Azərbaycan İncəsənət Məktəbi tələbələrindən ibarət bir qrupun diplom tamaşaları nümayiş olunub. Xalq artisti Məmmədsəfa Qasımovun quruluşunda Anton Çexovun “Ayı” və “Elçilik” əsərləri əsasında hazırlanan tamaşalar iyulun 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim edilib.

Tələbələrin oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Nümayişdən sonra layihə üzrə tədris proqramını uğurla bitirənlər diplomla təltif olunublar.

Xatırladaq ki, mərkəzin tərtib etdiyi 9 aylıq proqram çərçivəsində tələbələr peşəkar teatr və kino mühitində təcrübə qazanmaqla yanaşı, tanınmış sənətçilərin iştirakı ilə keçirilən ustad dərslərində də iştirak ediblər.

Asəf Zeynallı irsinə qiymətli töhfə

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı fəaliyyət istiqamətini müvafiq sahələr üzrə tədris proqramları, metodiki tövsiyə və not məcmuələrinin hazırlanması təşkil edir. İndiyədək bu sahədə çoxsaylı uğurlu layihələrə imza atılıb.

Yola saldığımız il də bu sahədə diqqətəlayiq bir nəşr layihəsi ilə yadda qalıb. Mərkəz tərəfindən hazırlanan “Asəf Zeynallı. Seçilmiş əsərlər” adlı not kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərnəşr”də işıq üzü görüb.

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında ərsəyə gətirilən kitabda görkəmli bəstəkar Asəf Zeynallının işləməsində xalq mahnı və rəqslərimizin not yazıları ilə bərabər, müəllifin violin və fortepiano üçün “Şərq” pyesi, violonçel və fortepiano üçün “Layla, beşiyim, layla” əsəri ilk dəfə musiqi ictimaiyyətinə təqdim olunub.

Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində kitabın təqdimat mərasimi keçirilib. Çıxışlarda yeni nəşr nakam bəstəkarın irsinin təbliğinə mühüm töhfə kimi qiymətləndirilib.

Ədəbi yaddaşa ehtiram

MEMİM-in təşkilatçılığı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Poeziya Xəzrisi” adlı bədii qiraət müsabiqəsi keçirilib.

Xalq şairi, ictimai xadim Nəbi Xəzrinin 100 illiyi münasibətilə təşkil olunan  müsabiqədə 50-yə yaxın namizəd iştirak edib. Aktyor, Xalq artisti, professor Məmmədsəfa Qasımov, şair, yazıçı, dramaturq, ssenarist İlqar Fəhmi və Əməkdar artist, aktyor, bədii qiraət ustası, professor Azad Şükürovdan ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Anar Əhmədov I yerə, Ramil Hüseynzadə və Hüseynağa Aslanov II yerə, Səma Ağazadə isə III yerə layiq görülüblər. Qaliblərə pul mükafatı, diplom, digər iştirakçılara isə sertifikat və xatirə hədiyyələri təqdim olunub.

***

Ötən altı ayda MEMİM-in tədbir və layihələri media orqanlarında geniş işıqlandırılıb. Həmçinin əməkdaşlar müxtəlif televiziya proqramlarında mədəniyyətin fərqli sahələri ilə bağlı çıxışlar ediblər.

Bundan əlavə, mərkəzin bir qrup əməkdaşı Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin 1-ci Forumunda, paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”də, Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" adlı elmi-praktik forumda, eləcə də Şuşada Vaqif Poeziya Günləri, Laçın, Füzuli, Xankəndi, Kəlbəcər Şəhəri günləri və s. tədbirlərdə fəal iştirak ediblər.

Başlanan hər yeni təqvim ili yeni planlar, yeni hədəflər deməkdir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bu il də əsas fəaliyyət istiqaməti üzrə aktual və maraqlı layihələrlə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi islahatlara öz töhfəsini verəcək. Mədəniyyət sahəsinin yeni şəraitdə, çağımızın tələblərinə uyğun şəkildə inkişafı əsas hədəfimizdir...

Fariz Yunisli,
MEMİM-in əməkdaşı