09 yanvar 2026 16:35
149

Fransanın NATO-dan ÇIXIŞ PLANI HAZIRLANIR?

Fransa Milli Assambleyasının vitse-prezidenti, solçu “Tabe Olmayan Fransa” (La France insoumise) partiyasının üzvü Klemans Gette ölkənin NATO-dan mümkün çıxışına hazırlıq məqsədilə plan hazırlanmasını nəzərdə tutan qətnamə layihəsi ilə parlamentə müraciət edib. Təşəbbüs bu gün rəsmi şəkildə parlamentin müzakirəsinə təqdim olunub.

“İki sahil” xəbər verir ki, siyasətçi bu addımı sosial şəbəkə X hesabında şərh edərək bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi və onun maraqlarına xidmət edən Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) Fransanın iştirakı məsələsi bu gün əvvəlkindən daha kəskin şəkildə gündəmə gəlir.

Klemans Gette ABŞ-ın xarici siyasət kursunu sərt tənqid edib. O, Vaşinqtonun Venesuela prezidenti Nikolas Maduroya münasibətini, Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı planları, eləcə də İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına verilən dəstəyi misal çəkib.

Fransa NATO-nun əsasını təşkil edən 1949-cu il Şimali Atlantika Müqaviləsinin yaradıcı ölkələrindən biri olub. Lakin 1966-cı ildə prezident Şarl de Qollun qərarı ilə Fransa alyansın hərbi komandanlıq strukturundan çıxaraq yalnız siyasi qanadda iştirakını saxlamışdı. Bu qərardan sonra NATO-nun qərargahı Parisdən Brüsselə köçürülmüş, Fransa ərazisindəki ABŞ hərbi bazaları bağlanmışdı.

Yalnız 2009-cu ildə, prezident Nikola Sarkozinin hakimiyyəti dövründə Fransa NATO-nun hərbi strukturuna tam şəkildə geri qayıtdı.

Hazırda Klemans Gettenin təşəbbüsü daha çox siyasi və simvolik xarakter daşıyır və parlamentdə əksəriyyətin dəstəyinə malik deyil. Bununla belə, bu addım Fransada NATO-dakı rol, eləcə də Avropanın strateji müstəqilliyi ilə bağlı müzakirələrin yenidən aktuallaşdığını göstərir.