09 yanvar 2026 18:13
165

Gələcəyin dayanıqlı şəhərləri Bakıda müzakirə ediləcək

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini bir daha nümayiş etdirəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib. Azərbaycan siyasi, iqtisadi, sosial sahələrdə olduğu kimi, şəhərsalma və memarlıq sahəsində də sürətli inkişafa nail olub. Bu, özünü Azərbaycanın paytaxtı Bakıda, eləcə də respublikanın digər şəhərlərində gedən memarlıq-tikinti, şəhərsalma layihələrinin həyata keçirilməsində büruzə verir. Günü-gündən böyüyən, abadlaşan şəhər mühiti, tarixi-memarlıq dəyərlərimizin qorunması və bərpası həm iqtisadi, həm də turizm potensialının artmasına səbəb olur. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan etməsi bu uğurların davam etdirilməsi üçün daha bir zəmin yaratmış oldu.

Bu il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” (BMT-nin Məskunlaşma Proqramı) və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Belə ki, bu il bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunacaq. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Hər biri öz növbəsində şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır. WUF13-ün Bakıda keçirilməsi bu mühüm yubileylərin həm beynəlxalq səviyyədə qeyd olunması, həm də Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından əlamətdardır. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün isə WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır. Bakı WUF13-ə doğru gedən yolda real nəticələrlə öndədir: yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər yanaşmaları, COP29 çərçivəsində şəhərsalma üzrə yüksəksəviyyəli görüşlərin təşkili, eləcə də beynəlxalq ekspertlər qruplarında fəal iştirak Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoyur. WUF13 təkcə şəhərsalma mütəxəssisləri üçün deyil, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan bütün qlobal oyunçular üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim edəcək.

Qeyd edək ki, Azərbaycanın bu sahədə artan nüfuzu təkcə ev sahibliyi ilə məhdudlaşmır. Ölkəmiz “UN-Habitat” təşkilatı ilə genişmiqyaslı əməkdaşlıq proqramı çərçivəsində insan mərkəzli, “ağıllı” və dayanıqlı şəhərlərin qurulması üçün qlobal bilik və təcrübənin formalaşdırılmasında da fəal iştirak edir. “UN-Habitat” Assambleyasının 2023-cü il iyunun 5–8-də keçirilmiş ikinci sessiyasında qəbul edilən qətnaməyə əsasən, “BMT-nin İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanması məqsədilə beynəlxalq ekspertlər qrupu formalaşdırılıb. İyirmi dörd ölkədən 31 aparıcı mütəxəssisin yer aldığı bu qrupda Azərbaycanı iki nümayəndə təmsil edir. Bu fakt Azərbaycanın həmin sahədə həm praktiki, həm də intellektual töhfə verən ölkələrdən biri olduğunu bir daha nümayiş etdirir. Həmin beynəlxalq ekspertlər qrupunun birgə fəaliyyəti nəticəsində hazırlanmış “İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” layihəsi 2024-cü il mayın 29–30-da Nayrobidə keçirilmiş “UN-Habitat” Assambleyasının növbəti iclasında təqdim olunaraq, üzv dövlətlər tərəfindən geniş şəkildə müzakirə edilib. Bu sənəd gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunması sahəsində qlobal yol xəritəsi kimi çıxış etməyi hədəfləyir. Eyni zamanda, bu sənəd şəhərsalma ilə ətraf mühit məsələlərinin inteqrasiyası, xüsusilə də iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində daha da aktuallaşır. Artıq COP tədbirləri çərçivəsində şəhərsalma gündəmin xüsusi mövzusuna çevrilib.

Göründüyü kimi, Azərbaycan bu qlobal çağırışlara yalnız müşahidəçi kimi deyil, həmçinin fəal təşəbbüskar kimi qoşulur. Bakı bu mötəbər tədbirin ev sahibi olmaqla artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq.

Sevinc Azadi, “İki sahil”