10 yanvar 2026 00:24
145

Azərbaycanın enerji modeli yeni mərhələyə daxil olur

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin mahiyyətini, prioritetlərini və uzunmüddətli hədəflərini aydın şəkildə nümayiş etdirdi

Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər göstərir ki, 240 meqavat gücündə olan bu stansiyanın istismara verilməsi təkcə növbəti texniki obyektin istifadəyə verilməsi deyil, eyni zamanda, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və bərpaolunan enerji sahəsində qlobal proseslərə fəal qoşulma siyasətinin real nəticəsidir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın enerji potensialının ardıcıl və sistemli şəkildə artırılmasıdır. 2022-ci ildə təməli qoyulan stansiyanın qısa müddətdə istismara verilməsi ölkədə iri infrastruktur layihələrinin planlı və məqsədyönlü şəkildə icra edildiyini göstərir. Bu prosesdə beynəlxalq əməkdaşlıq amilinin mühüm yer tutduğu xüsusi vurğulandı. Səudiyyə Ərəbistanının  “ACWA Power” şirkətinin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini məhz bu stansiya ilə reallaşdırması ölkəmizə olan uzunmüddətli marağın göstəricisi kimi dəyərləndirilir. Prezidentin çıxışında qeyd olunduğu kimi, bu layihə başlanğıc xarakteri daşıyır və qarşıdakı illərdə daha iri həcmli təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihələrin də həmin şirkət tərəfindən icra edilməsi planları enerji və su təhlükəsizliyinin uzlaşdırıldığı dövlət siyasətinin tərkib hissəsi kimi təqdim olundu.

Dövlət başçısının çıxışında vurğulanan digər mühüm məqam energetika sektorunda keyfiyyətcə yeni mərhələyə keçidlə bağlı idi. Son illərdə ölkəmizin enerji sisteminə böyük həcmdə yeni generasiya güclərinin inteqrasiyası, xüsusilə bərpaolunan mənbələrin payının artması bu sahədə həm yüksək texniki peşəkarlıq, həm də ciddi maliyyə və texnoloji resurslar tələb edir. Bu kontekstdə “Power China” şirkətinin baş podratçı kimi iştirakı və gələcəkdə investor qismində fəaliyyət göstərmək niyyəti Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərən mühüm amillərdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyevin çıxışında Azərbaycan energetiklərinin fəaliyyətinə verilən yüksək dəyər isə daxili kadr potensialının bu prosesdə əsas rol oynadığını bir daha təsdiqləyir.

Azərbaycanın enerji sisteminin son 20 ildə köklü şəkildə yenilənməsi Prezidentin çıxışında xüsusi vurğulanan faktlar sırasında yer aldı. Generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin müasirləşdirilməsi nəticəsində ölkəmizin ümumi generasiya gücünün təxminən 10 min meqavata çatdığı bildirildi. Bu göstərici Azərbaycanın enerji tarixində rekord səviyyə kimi dəyərləndirilir. Çıxışdan aydın oldu ki, dayanıqlı enerji təhlükəsizliyinin təmin olunması üçün ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı əsas şərtdir. Mingəçevirdə istismara verilmiş 2000 meqavatlıq ənənəvi elektrik stansiyası ilə yanaşı, Günəş və külək enerjisi layihələrinin sürətlə reallaşdırılması bu balanslı yanaşmanın praktik ifadəsi kimi təqdim edildi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi üstünlüklərinə də xüsusi diqqət ayırdı. Qeyd olundu ki, ölkənin demək olar ki, bütün regionlarında Günəş və külək enerjisinin istehsalı üçün əlverişli şərait mövcuddur. Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan yeni stansiyalar bərpaolunan enerjinin coğrafiyasının daha da genişlənəcəyini göstərir. Xəzər dənizinin Azərbaycan sektorundakı 157 giqavatlıq külək potensialı isə ölkənin bu sahədə təkcə regional deyil, qlobal miqyasda əhəmiyyətli imkanlara malik olduğunu deməyə əsas verir. Bu baxımdan süni intellekt, data mərkəzləri və yüksək enerji tutumlu sahələrə investisiya çağırışları strateji yanaşmanın tərkib hissəsi kimi səsləndirildi.

Dövlət başçısının çıxışının iqtisadi blokunda investisiya mühiti və maliyyə sabitliyi məsələləri ön plana çəkildi. Azərbaycana indiyədək 300 milyard dollardan artıq sərmayənin cəlb edilməsi, kredit reytinqlərinin yüksəldilməsi və müsbət proqnozların verilməsi ölkədə aparılan islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması və valyuta ehtiyatlarının bu borcu dəfələrlə üstələməsi Azərbaycanın maliyyə dayanıqlığının əsas göstəriciləri kimi təqdim olundu. Prezidentin vurğuladığı bu məqamlar Azərbaycana qoyulan sərmayələrin təhlükəsiz və gəlirli olduğunu təsdiqləyən açıq mesaj kimi dəyərləndirilir.

Gələcəyə baxış kontekstində bərpaolunan enerjinin saxlanması məsələsi də çıxışda mühüm yer tutdu. Tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin yaradılması enerji strategiyasında keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilir. “AzərEnerji” tərəfindən icra olunan 250 meqavatlıq bu layihənin gələcəkdə daha iri həcmli sistemlərin qurulmasına zəmin yaradacağı bildirildi. 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə Günəş və külək elektrik stansiyalarının inşası ilə bağlı imzalanmış müqavilələr Azərbaycanın enerji xəritəsinin əhəmiyyətli dərəcədə yenilənəcəyini göstərir.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda inşa edilən kiçik su elektrik stansiyaları postmünaqişə dövrünün iqtisadi reallıqlarını əks etdirən mühüm nümunələr kimi təqdim olundu. Son beş ildə bu ərazilərdə 40-a yaxın stansiyanın istifadəyə verilməsi, ümumi potensialın 300 meqavatdan artıq olması və gələcəkdə əlavə 500–600 meqavat gücün yaradılması azad edilmiş torpaqların “yaşıl enerji zonası”na çevrilməsi strategiyasının ardıcıl şəkildə icra edildiyini göstərir. Bütün ölkənin vahid enerji şəbəkəsi ilə birləşdirilməsi isə enerji axınlarının çevik və təhlükəsiz idarə olunmasına imkan yaradır.

Prezident İlham Əliyevin çıxışından aydın oldu ki, Azərbaycan enerji təhlükəsizliyinə yalnız daxili tələbat prizmasından deyil, qlobal məsuliyyət müstəvisindən yanaşır. Neft, qaz, elektrik enerjisi və enerji məhsullarının ixracı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı isə bu siyasətin rəmzi xarakter daşımadığını, real və ölçülə bilən nəticələr verdiyini bir daha nümayiş etdirdi.

Nigar Orucova, “İki sahil”