09 yanvar 2026 21:06
139

Meksika Trampın açıqlamalarından sonra ABŞ ilə əməkdaşlığı gücləndirmək istəyir

Meksika Prezidenti Klaudia Şeynbaum ABŞ Prezidenti Donald Trampın narkokartellərə qarşı quru əməliyyatı keçirilməsini nəzərdən keçirməyə hazır olması ilə bağlı açıqlamaları fonunda Birləşmiş Ştatlarla təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəni gücləndirmək niyyətini bəyan edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Şeynbaum gündəlik mətbuat konfransında bildirib.

"Biz ABŞ ilə əməkdaşlığı gücləndirmək istəyirik, buna görə də mən xarici işlər naziri Xuan Ramon de la Fuentedən lazım olduqda ABŞ dövlət katibi Marko Rubio ilə görüşməsini xahiş etdim", - siyasətçi deyib.

Dövlət başçısı vurğulayıb ki, Meksika və ABŞ-nin artıq birgə işçi qrupu fəaliyyət göstərir:

"Söhbət əlaqələrin daha da gücləndirilməsindən, məlumat mübadiləsindən, o cümlədən ləğv edilən laboratoriyaların sayı barədə gedir ki, onlarda bütün məlumatlar olsun. İşlədiyimiz çərçivədə koordinasiyanı daha da gücləndirmək istəyirik".

"Başqa bir ssenarini nəzərdən keçirmək istəmirik. Əksinə, biz məhz bu formatda işləməyi davam etdirmək niyyətindəyik ki, ABŞ ilə əlaqələndirmə hər iki tərəfdən suverenliyin və Meksikanın ərazi bütövlüyünün qorunması çərçivəsində daha da güclənsin", - Şeynbaum əlavə edib.

Daha əvvəl "Fox News"ə müsahibəsində ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlara keçəcəklərini bildirib. Onun fikrincə, Meksika kartellər tərəfindən idarə olunur.