09 yanvar 2026 21:24
183

Kseniya Drozdova: Peyklər Azərbaycanın regionun ən dinamik inkişaf edən dövlətlərindən biri olmasına töhfə verir

Azərbaycan Qafqaz dağlarında və Xəzər dənizi yaxınlığında yerləşir. Ölkənin həm dəniz, həm də quru aktivləri kənd təsərrüfatı və balıqçılıq sənayesinin inkişafı üçün unikal şərait yaradır ki, bu da Azərbaycanı regionun əsas ixracatçılarından birinə çevirir. Müasir dəqiq əkinçilik, “ağıllı kənd təsərrüfatı” və məhsul proqnozlaşdırılması analitikası peyk texnologiyalarından istifadə olmadan mümkün deyil.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının baş direktoru Kseniya Drozdova söyləyib.

O qeyd edib ki, peyklər ölkənin sənaye və şəhər inkişafında mühüm rol oynayaraq, Azərbaycanın regionun ən dinamik inkişaf edən dövlətlərindən biri olmasına töhfə verir: “Peyk rabitəsi ölkə ərazisinin demək olar ki, bütün hissəsində kommunikasiya imkanlarını təmin edir, həm biznes, həm də əhali üçün rəqəmsal inklüzivlik səviyyəsini yüksəldir”.

“Prinsipial əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, bütün bu xidmətlər Azərbaycanın öz peyk aktivləri və infrastrukturu əsasında göstərilir. Bu isə peyk texnologiyaları və xidmətləri sahəsində səriştə mərkəzinin formalaşmasına, eyni zamanda milli kosmik sənaye üçün kadr hazırlığının dayanıqlı mənbəyinə çevrilir. “Azərkosmos” bu imkandan uğurla istifadə edərək öz bazasında Kosmik Akademiya yaradıb”, - deyə baş direktor əlavə edib.