Vaşinqton administrasiyasının rəsmiləri ABŞ-ın nüvə sınaqları keçirməsi ehtimalını müzakirə etsələr də, hələlik bu barədə konkret plan hazırlanmayıb.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
ABŞ-ın nüvə sınaqlarını bərpa edib-etməyəcəyi və bunun nə vaxt baş verə biləcəyi ilə bağlı suala cavab olaraq nazir bildirib: “Bu məsələ ilə bağlı dialoq davam edir”. O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp ölkənin strateji üstünlüyünü qorumaqda qərarlıdır. “Nüvə arsenalımız dünyadakı bütün rəqiblərimizin arsenalından xeyli üstün olmalıdır”, – deyə Rayt vurğulayıb.
ABŞ-ın sınaqları hansı formada keçirə biləcəyi məsələsinə toxunan nazir qeyd edib ki, bu istiqamətdə konkret plan mövcud deyil. O bildirib: “Texnologiya və simulyasiyalardan istifadə etməklə, radioaktiv komponentlər istisna olunmaqla, nüvə silahlarını yüksək keyfiyyət nəzarəti altında sınaqdan keçirmək mümkündür”. Rayt əlavə edib ki, ABŞ-ın nüvə silahları kompleksi Energetika Nazirliyinin yurisdiksiyasına daxildir.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Donald Tramp nüvə sınaqlarının bərpa olunması ilə bağlı qərar açıqlayıb. Lakin nə o, nə də ABŞ administrasiyasının digər rəsmiləri bunun partlayıcı sınaqları nəzərdə tutub-tutmadığını dəqiqləşdiriblər.