10 yanvar 2026 16:43
174

Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətini zəiflədən amillər açıqlanıb

Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir.

“İki sahil” xəbər verir ki, bunu "Report"a müsahibəsində "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin prezidenti Həbib Həsənov bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı logistika xərclərinin azalmasına, yeni marşrutların açılmasına, daşımaların həcminin və yük axınlarının artmasına şərait yaradır: "Bu dəhliz Avropa ilə Orta Asiya arasında yüklərin daşınmasında Azərbaycan daşıyıcıları üçün əlavə imkanlar formalaşdırır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə beynəlxalq avtomobil daşımaları və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalmasına, daşımaların sürətlənməsinə və Azərbaycanın tranzit potensialından istifadə səviyyəsinin yüksəlməsinə mühüm töhfə verəcək. Bu dəhliz Avropa ilə Orta Asiya arasında yükdaşımalar üçün əlavə və alternativ marşrut kimi çıxış edərək mövcud nəqliyyat yollarının diversifikasiyasını təmin edəcək. Zəngəzur dəhlizinin "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri ilə inteqrasiyası Avropa-Asiya ticarət əlaqələrində onun strateji əhəmiyyətini daha da artıracaq".

H.Həsənov vurğulayıb ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə fəaliyyət göstərən Azərbaycanın milli avtomobil daşıyıcıları bəzi istiqamətlərdə şərtlərin tam paritet əsasda tətbiq olunmaması ilə üzləşirlər: "Bu isə eyni nəqliyyat dəhlizləri və marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılar arasında rəqabət mühitinə birbaşa təsir göstərir. Belə ki, ayrı-ayrı ölkələrdə tranzit rüsumlarının, yol vergilərinin, texniki və inzibati tələblərin fərqli qaydada tətbiq olunması milli daşıyıcılarımızın daşımalar üzrə maya dəyərinin artmasına səbəb olur. Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir".

O əlavə edib ki, bəzi sərhəd-keçid məntəqələrində mövcud olan yüklənmə və prosedur fərqlilikləri daşımaların operativliyinə təsir göstərir: "Bu da milli daşıyıcılarımızın planlaşdırma imkanlarını məhdudlaşdıran amillər sırasındadır. Bununla yanaşı, Azərbaycan ərazisindən tranzit keçən xarici avtomobil nəqliyyat vasitələri üçün sadələşdirilmiş və şəffaf prosedurların tətbiqi, riskəsaslı nəzarət mexanizmləri və rəqəmsal həllər tranzit daşımaların fasiləsizliyinə xidmət edir və yük axınlarının daha stabil şəkildə hərəkətini təmin edir. Hesab edirik ki, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəli və dayanıqlı inkişafı baxımından bu cür praktiki və balanslı yanaşmaların tərəfdaş ölkələrdə qarşılıqlı əsasda tətbiqi, eləcə də vahid, şəffaf tranzit qaydalarının formalaşdırılması eyni istiqamətli dəhlizlər üzrə fəaliyyət göstərən bütün daşıyıcılar üçün daha ədalətli rəqabət mühiti yarada bilər".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.