10 yanvar 2026 17:23
162

Bakıda ticarət obyektlərindən və evdən oğurluq edən şəxslər saxlanılıblar

Paytaxt Bakının Qaradağ rayonunda yerləşən ticarət mərkəzindən və marketlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F. Rəsulov, A. Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıblar.

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinlərindən biri isə evindən oğurluq edilməsi barədə polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T. Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.