İngiltərənin “Arsenal” klubunda yeni məşqçi təyinatı olub.
“İki sahil” xəbər verir ki, London klubu aut atışları üzrə mütəxəssis Tomas Qronnemarkı məşqçilər heyətinə cəlb edib.
Cari mövsüm çempionluq uğrunda mübarizə aparan və hazırda titulu qazanmağa ən real namizəd hesab olunan “topçular” aut atışlarından daha səmərəli istifadə etmək üçün bu addımı atıb.
T. Qronnemark müntəzəm olaraq klubun məşq meydançasına baş çəkəcək, bilik və metodlarını futbolçularla bölüşəcək. Danimarkalı keçmiş futbolçu və atlet olan 53 yaşlı mütəxəssis 2010-cu ildə topu yan xətdən 51,33 metr məsafəyə ataraq dünya rekordunu yeniləyib.
Daha sonra isə o, komandalara topu saxlamaq və hücumlara başlamaq üçün aut atışlarından istifadə etməyə imkan verən metodika hazırlayıb.
Tomas Qronnemark “Arsenal”dan əvvəl "Brentford", "Borussiya” (Dortmund), "Ayaks", "Midtüllan" və "Union” (Berlin) kimi klublarda analoji vəzifəni yerinə yetirib. Mütəxəssis Yurgen Kloppun dəvəti ilə "Liverpul"da da çalışıb və 2019/2020-ci illər mövsümündə İngiltərə çempionu olan heyətdə yer alıb.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasında 21 turdan sonra 49 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyiciləri olan “Mançester Siti” və “Aston Villa”nı 6 xal qabaqlayır.