12 yanvar 2026 15:11
117

Bakıda keçiriləcək SGC Məşvərət Şurasının iclasının vaxtı məlum olub

Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının martın əvvəlində baş tutması nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasların martın əvvəlindən keçirilməsi planlaşdırılır. Qeyd edilib ki, iclasların keçirilməsi ilə bağlı dəqiq vaxt barədə hələ qərar qəbul olunmayıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü 4 aprel 2025-ci il tarixində keçirilib.Ötən il iclasa Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edib.

İclasın açılış sessiyasından sonra nazirlər sessiyası, "Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar" və "Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri" üzrə plenar sessiyalarla davam edib. Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası isə 2023-cü ilin fevral ayından keçirilir.