Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Bugünkü uğurlarımız daim ötən illərə, xüsusilə müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmağı bir zərurətə çevirir. Bu reallıq daim xüsusi qeyd edilir ki, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdu. Xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması bu tərəddülərin aradan qaldırılmasına yol açdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” ölkəmizə böyük iqtisadi və siyasi dividendlər gətirdi. Azərbaycanın bu gününə və gələcəyinə inam artdı. Regional çərçivədə başlanan əməkdaşlığın illər keçdikcə coğrafiyasını daha da genişləndirməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına Cənub Qaz Dəhlizinin daxil olması da bunun bariz nümunəsidir. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlıdır və beynəlxalq səviyyədə təqdir edilir.
Bu gün Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini yenidən tərtib etməsindən böyük qürur və əminliklə bəhs edirik. Artlq Azərbaycan yalnız neft deyil, eyni zamanda, qaz, elektrik enerjisi ixracatçısıdır. Bütün bu uğurlarımız Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan ənənəvi tərəfdaşlarla əlaqələrini möhkəmləndirməklə yanaşı, yeni körpülərin qurulmasına, yeni əməkdaşlıq formatlarının yaradılmasına böyük maraq göstərir, bunu real addımları ilə təsdiqləyir. Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə Azərbaycan dünyada ön sıralardadır.
Dövlət başçısı İlham Əliyev həm bu günlərdə yerli televiziya kanallarına müsahibəsində, həm də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etdi. Cənab İlham Əliyev sözügedən müsahibəsində qeyd etdi ki, şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki müştərilərimizin əksəriyyəti Avropa İttifaqının üzvləridir. Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Neft və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə yatırırlar. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq.
Son illərin əsas çağırışlarından olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində Azərbaycanın atdığı addımlar da göz qabağındadır. Azərbaycan bu sahədə böyük potensiala malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. Bu prosesə başlayanda, əlbəttə ki, əsas məqsəd təbii imkanlarımızdan maksimum istifadə etmək idi. Çünki beynəlxalq təşkilatlar artıq potensialımızı dərindən təhlil edərək təsbit ediblər. Günəşli günlər də həm Bakıda, həm bütün bölgələrimizdə çoxdur. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək günah olardı. “Biz bu imkanları dünya energetika aləminə təqdim edəndə onlardan böyük maraq gördük” söyləyən cənab İlham Əliyev sözügedən müsahibəsində onu da bildirdi ki, bu gün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir. 230 MVt gücündə Birinci Günəş Elektrik Stansiyasını inşa edib,
İkinci stansiya isə bu günlərdə rəsmi açılış mərasimi keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasıdır. Burada da investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Üçüncü böyük stansiyanı bp şirkəti Cəbrayıl rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Bu, sadəcə olaraq, başlanğıcdır. Eyni zamanda, Çin və Türkiyə şirkətləri də maraq göstərirlər. Artıq yerli şirkətlər də bu işlərə qoşulublar. Hətta keçən ilin sonunda Cəbrayılda iki stansiyanın təməli qoyuldu. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində Prezident İlham Əliyev qeyd etdi ki, bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur: “Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.”
Gələcək planlara gəldikdə isə nəzərə alsaq ki, bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, bu enerjini saxlamaq üçün infrastruktur yaradılmalıdır. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Cənab İlham Əliyev bu reallığı da qeyd etdi ki, ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın.
İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşası nəzərdə tutulur. Əgər su elektrik stansiyalarının potensialını əlavə etsək, potensialımız təbii ki, daha da böyüyəcək. Son beş ildə Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib. Hazırda əsas hədəf enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki qeyd etdiyimiz kimi, mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi sistemə daxil ediləcək. Yəni, bunu qəbul etmək üçün enerji sistemini gücləndirməliyik. Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu əminliyi ifadə etdi ki, biz bunu edəcəyik. Çünki artıq kontraktlar imzalanıb. Bu, hüquqi öhdəlikdir. Dövlətimizin başçısı özlüyündə yaranan “Bu, bizə nə verəcək” sualını belə cavablandırdı ki, təbii ki, enerji üçün istehlak olunan qaza qənaət və mövcud olan qazı da ixrac etmək üçün imkanlar olacaq. Biz bunun üçün də mövcud qaz infrastrukturumuzu genişləndiririk. Bu, imkan verəcək ki, biz təmiz enerjini ixrac edə biləcəyik. Qara dəniz kabel layihəsi var. Onun texniki-iqtisadi əsaslandırması hazır olsa da, maliyyə mənbələri hələlik aydın deyil. Bizim mövqeyimiz belədir ki, enerjini burada istehsal edirik, yeni ötürücü xətləri Gürcüstan sərhədinə qədər çatdırırıq. Çünki yeni xətlər lazımdır. Qalanı isə artıq o biri ölkələrin maliyyə öhdəliyi olmalıdır.
Reallıq budur ki, nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda Azərbaycan qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur. Çünki bəzi ölkələr elektrikə çevirmək üçün xaricdən təbii qaz alır, bəzi ölkələr xaricdən elektrik enerjisi alır, çünki özləri üçün çatmır. Biz isə həm enerji satırıq, həm qaz, həm neft, həm neft məhsulları, həm neft-kimya məhsulları, həm də əsas xammal olan təbii qaz gübrələri ixrac edirik. Cənab İlham Əliyev bildirir: “Ona görə biz, əlbəttə ki, bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Bu gün bu sahəyə sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədərdir ki, yenə də deyirəm, bax, bizim bu enerji mərkəzlərimiz bunu həzm edə bilmir. Ona görə biz “Energy Grid”, yəni enerji mərkəzlərini o qədər gücləndirməliyik ki, nəinki 8, gələcəkdə hətta 20, 30, 40 giqavat qəbul edə bilək və ötürə bilək.”
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də hədəflər öz əksini tapıb. 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payını 30-40 faizə çatdırmaq hədəf kimi qarşıya qoyulub. Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Enerji sektoru müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında da bildirdi ki, bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir. Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyəti yüksək dəyərləndirildi. Bildirildi ki, şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək.
Ümumilikdə son illərdə ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm də məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq, böyük vəsait tələb edir. Bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq. “Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük” söyləyən Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib. Enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə gözəl investisiya iqlimi vardır. Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Aparılan islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqama xüsusi diqqət yönəltdi. Bildirdi ki, iki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir.
Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni, bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir.
Yeganə Əliyeva, “İki sahil”
Azərbaycanın enerji siyasəti dünyanın enerji təhlükəsizliyinin qarantına çevrilir