12 yanvar 2026 19:32
108

Bakı və Abşeronda yeni infrastruktur dövrü

Tullantı sutəmizləyici 9 yeni qurğu tikiləcək

Azərbaycanın su təminatı və tullantı suları infrastrukturunun inkişaf etdirilməsi sahəsində yeni dövrün əsas mərhələsinə qədəm qoyması mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" ölkəmizin su resurslarının idarə olunması, ekoloji təhlükəsizlik və urban infrastrukturun müasir standartlara uyğunlaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir.

Əhalinin sağlamlığının qorunması prioritetdir

Dövlət Proqramı çərçivəsində tullantı sutəmizləyici 9 yeni qurğunun tikintisi nəzərdə tutulur ki, bu da əhalinin sağlamlığının qorunması və tullantı sularının ətraf mühitə təsirinin minimuma endirilməsi baxımından böyük rol oynayacaq. Həmçinin 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası və 30 küçədə yeni yağış və tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur ki, bu da şəhər ərazisində suyun idarəolunma sisteminin optimallaşdırılması, yağış və kanalizasiya sularının səmərəli idarə olunması baxımından böyük əhəmiyyət daşıyır.

Müasir şəhər infrastrukturunun planlaşdırılması zamanı əsas prioritetlərdən biri subasma risklərinin minimuma endirilməsi və fasiləsiz su təminatının təmin edilməsidir. Bu baxımdan Dövlət Proqramı intensiv yağışlar zamanı əhalinin təhlükəsizliyini təmin etmək, mövcud kanalizasiya və su təchizatı sistemlərini yenidən qurmaq və müasir texnologiyalarla təchiz etmək məqsədini daşıyır. Xüsusilə də "ağıllı su şəbəkələri"nin tətbiqi su resurslarının idarə edilməsində texnoloji yeniliklərin ölkədə tətbiqinə imkan yaradacaq və gələcəkdə su itkisi problemlərinin qarşısının alınmasını təmin edəcək.

İki mərhələli inkişaf strategiyası

Dövlət Proqramı iki mərhələdə icra ediləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu mərhələdə mövcud sistemlərin əsaslı təmiri, yağış sularının idarə olunması, tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyaların tətbiqi, eləcə də ekoloji təhlükəsizliyin təmin olunması əsas vəzifələr kimi müəyyən olunub. Birinci mərhələnin vacib aspektlərindən biri mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastrukturun yaradılmasıdır ki, bu da əhalinin rahatlığını və şəhər mühitinin sanitariya vəziyyətini yaxşılaşdıracaq. Eyni zamanda, su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün müasir texnoloji həllər tətbiq ediləcək ki, bu da su resurslarının səmərəli idarə olunmasına xidmət edəcək.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələ isə daha çox strateji hədəflərə yönəlmişdir. Bu mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Mövcud şəbəkələrin genişləndirilməsi, yağış sularının təkrar istifadəsi layihələrinin icrası və ətraf mühitin qorunması tədbirləri ikinci mərhələnin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə həyata keçiriləcək işlər Azərbaycanın su təchizatı və tullantı suları infrastrukturunu müasir standartlara uyğunlaşdırmaqla yanaşı, ətraf mühitin qorunmasına da mühüm töhfə verəcək.

Dövlət Proqramının əhəmiyyətini yalnız infrastruktur layihələri ilə məhdudlaşdırmaq olmaz. Bu proqram həm də ölkədə urbanizasiya proseslərinin keyfiyyətinin yüksəldilməsinə, şəhər həyatının müasir standartlara uyğunlaşdırılması və əhalinin həyat səviyyəsinin artırılmasına baxımından müsbət təsir göstərəcək. Su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir. Su itkisi və subasma hallarının azaldılması, tullantı sularının səmərəli idarə olunması ətraf mühitin qorunmasına və şəhər ərazilərinin dayanıqlı inkişafına birbaşa töhfə verəcək.

Eyni zamanda, yeni su təchizatı və kanalizasiya infrastrukturu ölkədə innovativ texnologiyaların tətbiqini sürətləndirəcək. Məsələn, "ağıllı su şəbəkələri" sistemi yalnız su itkisini azaltmaqla kifayətlənməyəcək, həm də əhalinin su istehlakının idarə olunmasına, təbii resursların səmərəli istifadəsinə, həmçinin şəhər idarəçiliyində məlumat əsaslı qərarların qəbul olunmasına imkan yaradacaq. Bu, Azərbaycanın şəhər infrastrukturunda texnoloji modernləşmə prosesinin sürətlənməsinə səbəb olacaq.

Dövlət Proqramının uzunmüddətli təsiri xüsusilə ətraf mühitin qorunması və dayanıqlı inkişaf baxımından diqqət çəkir. Tullantı sularının təkrar istifadəsi və yağış sularının idarə olunması proqramın əsas istiqamətlərindən biridir ki, bu da su resurslarının qənaətlə istifadəsi, ekosistemlərin qorunması və şəhər ərazilərinin subasmalardan qorunmasına xidmət edir. Eyni zamanda, su infrastrukturu sahəsində həyata keçiriləcək layihələr ölkənin iqtisadi inkişafına da töhfə verəcək. Yeni nasos stansiyaları və su anbarları yalnız əhalinin fasiləsiz su təminatını deyil, həm də sənaye və xidmət sektorlarının dayanıqlı fəaliyyətini təmin edəcək.

Yeni yanaşma və gələcək perspektivlər

Beləliklə, Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramı Azərbaycanın urban infrastrukturu sahəsində yeni dövrün başlanğıcını simvolizə edir. Su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi, tullantı sutəmizləyici qurğuların tikintisi, yeni kollektor və su şəbəkələrinin yaradılması ölkənin dayanıqlı şəhər inkişafı strategiyasının əsas tərkib hissəsini təşkil edir. Dövlət Proqramı yalnız texniki və ekoloji baxımdan deyil, həm də sosial və iqtisadi baxımdan ölkənin uzunmüddətli inkişaf perspektivlərinə xidmət edir. Azərbaycanın su resursları ilə bağlı strateji hədəfləri reallaşdırılması, eyni zamanda, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, urban ekosistemlərin mühafizəsi və şəhər mühitinin dayanıqlı inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Bütün bunlar göstərir ki, dövlət tərəfindən hazırlanmış və təsdiqlənmiş bu proqram yalnız bir infrastruktur layihəsi deyil, həm də Azərbaycanın urbanizasiya siyasətində yeni yanaşmanın, texnoloji innovasiyaların və ekoloji məsuliyyətin simvoludur. Nəticədə, 2026−2035-ci illəri əhatə edəcək bu uzunmüddətli proqram həm paytaxt, həm də Abşeron yarımadasının gələcəkdə daha təhlükəsiz, rahat və dayanıqlı şəhər mühitinə çevrilməsinə xidmət edəcək.

Nigar Orucova, “İki sahil”