Ukrayna Prezidenti Volodimir Zelenski ölkə üçün ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd üzərində işin yekun mərhələsində olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə Ukrayna danışıqlar qrupunun Amerika tərəfi ilə aparılan müzakirələrin yekunları ilə bağlı teleqram kanalında yazıb.
"Növbəti iki həftə üçün görüşlər, sənədlərin hazırlanması və mümkün imzalanma üzrə qrafiki müzakirə etdik. ABŞ tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sənədi tamamlamaq və ali səviyyədə nəzərdən keçirilmək üçün təqdim etmək tapşırığını verdim. Bu, tarixi səviyyədə bir sənəd olmalıdır", - o qeyd edib.
Zelenski həmçinin Ukraynanın bərpası və iqtisadi inkişafına aid sənədlərin də müzakirə olunduğunu vurğulayıb. O, Baş nazir Yuliya Sviridenkoya, baş nazirin müavini Taras Kaçkaya və iqtisadiyyat naziri Aleksey Sobolevə Ukrayna ilə ABŞ arasında gələcək sazişlərin, eləcə də Ukrayna-Avropa-ABŞ formatında üçtərəfli razılaşmaların bütün iqtisadi aspektlərinin tam dəstəklənməsini və ekspertizasını təmin etmək tapşırığı verib.
Ukrayna Prezidenti tərəfdaşlardan daxil olacaq bərpa vəsaitlərindən istifadə üçün zəruri mexanizmlərin müəyyən edildiyini qeyd edib. O, həmçinin ABŞ və Rusiya arasında danışıqların nəticələrinə əsasən Moskvanın real şərtlərlə müharibəni dayandırmağa hazır olub-olmaması ilə bağlı aydın cavab gözlədiyini bildirib. Onun sözlərinə görə, əks halda, Rusiyaya təzyiq gücləndirilməlidir. Buna kölgə donanması, sanksiyalardan yan keçməyə imkan verən maliyyə sxemləri və ixrac gəlirlərinə qoyulan məhdidiyyətləri artırmaqla nail olmaq olar.